İyulun 29-da xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf üzrə Əlaqələndirici Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Son ilə görüşüb.
Görüş zamanı Azərbaycan və BMT-nin müxtəlif ixtisaslaşmış qurumları arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycanın uzun illər BMT, xüsusilə onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Postmünaqişə dövründə üzləşdiyimiz ən mühüm təhlükəsizlik çağırışlarından biri olan mina təhdidi ilə mübarizədə humanitar minatəmizləmənin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan olunduğu, eyni problemin bir çox ölkə üçün aktuallığını nəzərə alaraq, bu təşəbbüsün BMT çərçivəsində davamlı olaraq təşviq edildiyi bildirilib.
Cari ilin ölkəmizin COP29 sədrliyi ilə əlamətdar olduğunu bildirən nazir Ceyhun Bayramov, bu istiqamətdə BMT ilə əməkdaşlığımızın daha da genişlənməsinin sevindirici hal olduğunu qeyd edib. Qlobal təhdidlərlə mübarizədə göstərdiyimiz bütün səylər kimi COP29 sədrliyimizin də inklüziv və nəticəyönümlü proses olmasına əhəmiyyət verdiyimiz diqqətə çatdırılıb.
Qarşı tərəf Azərbaycanın COP29 sədrliyinə hazırlıq üçün məhdud vaxtının olmasına baxmayaraq, indiyədək əldə olunan nəticələrin təqdirəlayiq olduğunu vurğulayıb.
XQ