BƏƏ portalı COP29-dan yazıb

post-img

Birləşmiş Ərəb Əmirliklərinin “The National News” nəşrində Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşmasına dair məqalə yayımlanıb. 

II Şuşa Qlobal Media Forumunun iş­tirakçısı Con Dennehinin müəllifi olduğu yazıda Prezident İlham Əliyevin Forumun açılış mərasimində jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi fikirlərə də yer verilib. 

Məqalədə qeyd olunub ki, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi etməklə dünyanın müxtəlif bölgələri ara­sında növbəti dəfə körpü rolu oynayacaq. Azərbaycan Prezidentinin “Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq”, - sözlərini xüsusi vurğulayan müəllif qeyd edib ki, Prezident İlham Əli­yev Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurdu­ğunu diqqətə çatdırıb. 

Müəllif qeyd edib ki, zəngin qazıntı yanacağı resurslarına malik ölkə hazırda iqlim dəyişikliyi məsələlərinin müzakirə olunduğu COP29 kimi mötəbər tədbirə ev sa­hibliyi etməyə hazırlaşır. Təxminən üç aydan sonra 200-ə yaxın ölkədən nü­mayəndələr Bakıda bir araya gələrək iqlim dəyi­şikliyi məsələsini həll et­məyə çalışacaqlar. 

Yazıda Azərbayca­nın bərpaolunan enerji­nin inkişafı, ölkəmizin bu sahədə həyata keçirdiyi layihələr barədə ətraflı söhbət açılıb, dövlətimizin başçısının Azər­baycanın bərpaolunan enerji sahəsində bö­yük nailiyyətlərə imza atması barədə fikri xüsusi vurğulanıb. Birləşmiş Ərəb Əmir­liklərinin “Masdar” şirkətinin inşa etdiyi 230 meqavat gücündə “Qaradağ" Günəş Elektrik Stansiyasının ötən il istifadəyə verildiyi xatırlanıb. “Masdar” şirkətinin Azərbaycan üzrə meneceri Murad Sadıqov bildirib ki, neft hasilatında qabaqcıl ölkə olan Azərbaycan yaşıl enerji sahəsində də ön sıralarda olmaq istəyir: “Əgər dünya dəyişirsə, Azərbaycan da liderlərdən biri olmalıdır. Bakının havası əvvəlkindən qat-qat təmizdir. Hökumət bu işləri davamlı olaraq həyata keçirir”.

Müəllif Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da iqlim danışıqlarında maliyyə məsələsinin ön planda olacağını vurğulayıb: “COP29-u uğurla keçirmək üçün Bakının qarşısında məsul vəzifə var – maliyyə. Bu tədbirdə qalıq yanacağından uzaqlaşmaq prosesinin necə maliyyələşdi­riləcəyi ön plana çıxacaq. Dünya inkişaf et­məkdə olan ölkələr üçün illik 100 milyard dollar həcmində yeni maliyyə öhdəliyi ilə razılaşmalıdır”.

Yazıda COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayevin bu mühüm məsələ barədə danışıqların aparılmasına dair fikrindən sitat gətirilib: “Hazırda da­nışıqlar prosesindəyik. Bütün ölkələr bu yeni məqsədləri başa düşür və daha iddialı olmalıdırlar”. 

Məqalədə Azərbaycanın onilliklərlə davam edən münaqişəyə son qoyulması məqsədilə aparılan sülh prosesi fonunda Ermənistanı COP29-a dəvət etdiyi qeyd olunub. Jurnalist Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdi­ri Hikmət Hacıyevin bu məsələ ilə bağlı fikirlərinə istinad edib: “Azərbaycan indi Qarabağ münaqişəsinin sonundadır. İndi biz bu səhifəni çevirdik və sülh haqqında düşünürük. Biz, həmçinin sülh və COP29 anlayışını birləşdiririk”.

Qeyd edilib ki, COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək. Hazırda bu are­nada COP29-a geniş hazırlıq işləri görülür. COP29-un baş icraçı direktoru, Azərbayca­nın energetika nazirinin müavini Elnur Sol­tanov burada yaradılacaq zonalar barədə məlumat verib. O bildirib ki, Azərbaycan bu tədbirə ev sahibliyi etmək üçün geniş logistik imkanlara və yüksək qonaqpərvər­liyə malikdir.

Son xəbərlər