Azərbaycanın ən yüksək yaşayış məntəqələrindən olan Xınalıq kəndində növbədənkənar parlament seçkilərinə ciddi hazırlıq işləri davam edir. Şəhid Rüfət Kəlbiyev adına Xınalıq kənd internat tam orta məktəbində yerləşən 13 saylı seçki məntəqəsi 59 saylı Quba seçki dairəsinin əhatəsindədir. Məntəqə seçki komissiyasının sədri Yunis Dəmirov bizimlə söhbət zamanı dedi ki, Quba rayonunun mərkəzindən 60 kilometr uzaqda, Baş Qafqaz və Yan silsilələri arasında, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıqda əhali seçki ab-havasındadır. Altı ay əvvəl keçirilmiş növbədənkənar prezident seçkilərində havanın kəskin soyuq, qarlı-şaxtalı olmasına baxmayaraq, hamı səsvermədə iştirak etdi. İndi isə kənd sakinləri parlament seçkilərinə hazırlaşır.
Y.Dəmirov ixtisasca filoloqdur. Xınalıqda doğulub, böyüyüb. Xınalıq kənd internat tam orta məktəbinin müəllimidir. İyirmi ildən çoxdur ki, seçki prosesində fəaliyyət göstərir. O, dedi ki, Xınalıq əhalisinin məşğuliyyətinə və yaşam tərzinə görə də çox unikal bir yerdir. Buradakı köç prosesi, hər il yaylaqda və qışlaqda məskunlaşma olduqca maraqlıdır. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəni irsi üçün əhəmiyyətli olan köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada məsuliyyətli turizmin inkişaf etdirilməsi məqsədilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqda mədəniyyət və turizm əhəmiyyətli tarixi, memarlıq, arxeoloji, etnoqrafik və digər abidələr yerləşir. UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq kəndi və Köç yolu”nun bu təşkilatın mədəni irs siyahısına salınması barədə qərar verilib.
Məntəqə sədri dedi ki, parlament seçkilərində 1209 seçicinin səs verməsi gözlənilir: “80–90 yaş arası 15 seçicimiz var. Seçki keçirilən gün 18 yaşı tamam olanların sayı isə 14-dür. Dediyim kimi, kəndimiz turistlərin daha çox gəlib-getdiyi məkandır. Seçki günü seçicilərimizin sayı arta da bilər. Çünki həmin gün əlində qeydiyyatdançıxma vəsiqəsi olan turistlər bizim seçki məntəqəsində səs vermək hüququna malikdirlər. Seçki məntəqəsindəki hazırlıq işlərinə gəlincə, artıq səsverməyə hazırıq. Seçki üçün nə tələb olunursa, məntəqəyə verilib. Məntəqənin daimi elektrik enerjisi ilə təmin olunması məqsədilə gətirilmiş generator işlək vəziyyətdədir.
Ağsaqqal və ağbirçəklər ucqar dağ kəndinə çəkilmiş rahat yola, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər:
Mürsüd Zeynalov: – Yaşım 90-nı haqlayıb. Gözümü açandan Xınalıqda yaşamışam. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığından sonra yolumuzun genişləndirilməsi, asfaltlanması bizə böyük sevinc bəxş etdi. Yolun çətinliyi üzündən illərlə Xınalığa həsrət qalanlar yenidən doğma yurda qayıtdılar. Hamımız seçki günün səbirsizliklə gözləyirik.
Ərkinaz Dəmirova: – Xınalığa çəkilən yolun yaxın ərazilərdəki 12 kəndin əhalisi üçün də mühüm əhəmiyyəti var. Ucqar dağ kəndində yaradılan şəraitdən hamımız razıyıq. Biz də dövlətin tədbirlərində hamılıqla iştirak edib, istədiyimiz namizədə səs verəcəyik.
Tamam Əsədova: Kəndimiz uzunömürlülər məkanı kimi də tanınıb. Maşallah, hamımız özümüzü yaxşı hiss edirik. Bizə deyirlər ki, seçki məntəqəsinə gəlməyə çətinlik çəkirsinizsə, yaşadığınız evə qutu göndərək. Biz razı deyilik. Qışda seçki məntəqəsinə gəldiyimiz kimi, bu dəfə də gələcək və səsvermədə iştirak edəcəyik.
Ələddin Babayev: – Mən uzun müddət müəllim işləmişəm. Hazırda pensiyadayam. Seçkilərin siyasi əhəmiyyətli kampaniya olduğunu yaxşı bilirəm. Bu barədə yeri gəldikcə, cavanları və yeniyetmələri də məlumatlandırıram. Onsuz da kənddə seçkilərlə aparılan işlərdən hamıya bəllidir ki, sentyabrın 1-də parlament seçkiləri keçiriləcək. Biz bu seçkilərdə də mütəşəkkil iştirak edəcəyik. Qoy füsunkar təbiəti, gözoxşayan gözəllikləri, meşələri, dağları, rahat yolu ilə respublikada tanınan Xınalıq mütəşəkkil seçki keçirilən məkan kimi də tanınsın.