İyulun 19-da COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanın COP29-un örnək olması ilə bağlı öhdəlik götürdüyünü diqqətə çatdırıb: “Biz sədrlik olaraq regional fəaliyyətləri həyata keçirmək üçün təşəbbüslər irəli sürmüşük. Bütün tərəfləri bir araya gətirməyə, iqlim böhranlarından əziyyət çəkən milyonlarla insanın səsini eşitməyə çalışırıq. Onlar dərhal addımlar atılmasını tələb edirlər. COP29-da toplandığımız zaman bu icmaları diqqətimizdə saxlamalı, ortaq öhdəliklər və mənəvi borclarımız haqqında düşünməliyik”.
COP29 Azərbaycan Sədrliyinin ilk məktubları tərəfdaşlara göndərdiyini vurğulayan M.Babayev deyib: “Həmin məktubda atılacaq addımların sürətləndirilməsinə çağırış etdik. Bütün prinsipləri, öz vizyonumuzu, atılan addımları və əsas dönüş nöqtələrini nəzərə alaraq şəbəkələr və koordinasiyalı addımlar vasitəsilə bu uğurlu mərama çatmalıyıq”.
Mətbuat konfransına videoformatda qoşulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still iqlim dəyişikliyi nəticəsində fəlakətlərin dünyanın hər yerində özünü göstərdiyini deyib. O bildirib ki, COP29 iqlim dözümlülüyünün artırılması üçün yeganə şansdır. COP29 Azərbaycan Sədrliyi daha iddialı fəaliyyət göstərmək və maliyyə öhdəlikləri götürülməsinə diqqəti cəlb etmək üçün fəal çalışır.
COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sözlərinə görə, iqlim maliyyə fəaliyyət fondunun yaradılması əsas təşəbbüslərdən biridir.
“Əsas çağırışların aradan qaldırılması üçün maliyyə çatışmazlığını görərək biz buna yeni bir yanaşma ilə maliyyə mexanizminin yaradılmasını təklif edirik. İqlim maliyyə fəaliyyət fondunun yaradılması üçün ənənəvi enerji istehsalçılarının bu fonda töhfələrini verməsi və qrant əsaslı maliyyələr ayrılmasını təklif edirik. Bu fonda əsas töhfə verənlər özəlliklə neft-qaz və kömürdən istifadə edən ölkələrdir. Həmin Fond vasitəsilə 1 milyard dollar vəsait toplamağa çalışırıq.
COP29-un baş icraçı direktoru energetika nazirinin müavini Elnur Soltanovun sözlərinə görə, qlobal istiləşmə ilə bağlı 1,5 dərəcəni saxlamaq hədəflərdəndir: “BP-nin enerji ilə bağlı son proqnozunda da qeyd edilib ki, hətta 2050-ci il üçün nəzərdə tutulan xalis sıfır ssenarisində qlobal elektrik istehsalının 1 faizi kömürdən əldə edilə bilər. Bu kontekstdə 1,5 dərəcə hədəfinə uyğunlaşmaq, həm də karbohidrogenlərin müəyyən rol oynaması mümkündür”.
***
COP29 Akademiyası açıldı
Ekoloji maarifləndirmə və iqlim dəyişmələri ilə mübarizədə gənclərin fəal iştirakının təmin edilməsi, bu sahədə aktiv təcrübənin qazanılması, həmçinin ölkədə irimiqyaslı və qlobal əhəmiyyətli tədbirlərin təşkili sahəsində peşəkar gənclərin yetişdirilməsi məqsədilə təsis olunan COP29 Akademiyasının açılış mərasimi keçirilib.
Mərasimdə test və müsabiqələr nəticəsində 360 namizəd arasından COP29 Akademiyasına qəbul olunan 29 gəncin adı açıqlanıb.
Tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova iştirak ediblər.
Qeyd edək ki, COP29 Akademiyasının xüsusi fərqlənən iştirakçıları Əməliyyat Şirkətində müxtəlif funksiyalar üzrə işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb olunacaqlar.
XQ