Velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib

post-img

Avtobus zolaqlarından və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbeh tədbiri müəyyən edilir. Bu inzibati xətaların hər biri 100 manat məbləğində cərimə və  əlavə olaraq 2 balla qiymətləndirilir.

Həmçinin ilk dəfə olaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası və ya ictimai nəqliyyatın dayanacaq yeri yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması ilə əlaqədar bal tətbiq olunur.

Piyada təhlükəsizliyi və rahatlığının artırılması, mikromobillik vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə ilk dəfə olaraq nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir.

Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə müəyyən edilib

İlk dəfə olaraq kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə müəyyən edilir. Həmçinin kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə müəyyən edilir.

Qanunvericilikdə daha bir yenilik kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının sərxoş vəziyyətdə pozulması ilə bağlıdır. Pozuntu alkoqoldan istifadə olunması nəticəsində törədilərsə, 150 manat, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində törədilərsə, 200 manat məbləğində cərimə müəyyən edilir.

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə 400 manatdan 600 manatadək məbləğdə cərimə müəyyən edilir. Bu xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə 1000 manatdan 1200 manatadək məbləğdə cərimə müəyyən edilir.

İlk dəfə olaraq velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat cərimə müəyyən edilir. Bundan əlavə, velosiped yollarında materialların yığılması və predmetlərin saxlanılmasına görə fiziki şəxslər üçün 80 manatdan 100 manatadək, vəzifəli şəxslər üçün 400 manatdan 500 manatadək, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə müəyyən edilir.

Qanunsuz parklanma yerlərinin təşkili və həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilib

Ötən ilin avqust ayından parklanma məntəqələri və yerlərinin təşkili üzrə işlərin icrasına başlanılıb. AYNA tərəfindən parklanmanın proqram təminatı və SMS vasitəsilə idarə edilməsi, həmçinin fərdi parklanma talonlarının tam elektron şəkildə verilməsi məqsədilə sistem istifadəyə verilib. Bu sistem hazırda geniş istifadə olunur və parklanmanın yeni paradiqmasını yaradıb. Qanunvericiliyə edilmiş dəyişikliklər sistemin daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Parklanma ödənişi ilə bağlı inzibati tənbeh tədbiri təkmilləşdirilir, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat cərimə müəyyən edilir.

Sürücü tərəfindən parklanma üsulunun pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda 20 manat məbləğində cərimə müəyyən edilir.

Qanunvericilikdə, həmçinin dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilir. Belə ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Şəhərdə inklüzivliyin artırılması məqsədilə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği on manatdan altmış manata qaldırılır. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimənin məbləği 10 manatdan 20 manata qaldırılır.

Elektrik avtomobillərinin istifadəsinin təşviqi məqsədilə ilk dəfə olaraq, enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə müəyyən edilir.

Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının), onların əməkdaşlarının, Azərbaycan Respublikasında yerləşən xarici səfirliklərin, konsul nümayəndəliklərinin və beynəlxalq təşkilatların istifadəsində olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə edilir.

Nəqliyyat sıxlığının azaldılması məqsədilə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat məbləğində cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir.

Taksi duracaqlarında taksi olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir.

Son xəbərlər