Azərbaycanda COP29-a hazırlıq uğurla davam etdirilir

post-img

Təşkilat Komitəsinin beşinci iclası

İyulun 8-də BMT-nin İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiya­sının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin beşinci icla­sı keçirilib.

Azərbaycan Respublikası Prezi­dentinin Administrasiyasının rəhbə­ri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29-a hazırlıq prosesinin Prezident İlham Əliyevin daimi nə­zarəti altında olduğunu qeyd edib.

Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev iyulun 4-də keçirilmiş “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında tədbirdə və iyulun 6-da Şuşada təşkil edilmiş Türk Dövlət­ləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azər­baycanın COP29 zamanı inkişaf et­miş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsen­susa nail olmaq üçün səylərini əsir­gəməyəcəyini vurğulayıb. Təşkilat Komitəsinin sədri əlavə edib ki, Şuşa Zirvə görüşündə qəbul olunmuş “Qa­rabağ Bəyannaməsi”ndə qardaş türk dövlətləri COP29-da real nəticələrin əldə edilməsi istiqamətində Azərbay­canın ardıcıl səylərini dəstəkləyiblər. 

Samir Nuriyev Prezident İlham Əliyevin Liderlər Sammitinə dəvətinə cavab olaraq tədbirdə iştirak edəcək dövlət və hökumət başçılarının sa­yının artdığını bildirib. O, Sammitə böyük marağın ölkəmizə hörmətin, Azərbaycanın nəhəng beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək qabiliyyətinə inamın və yaşıl keçidlə bağlı qəti siyasi iradəsinə etimadın göstəricisi olduğunu vurğu­layıb.

Prezident Administrasiyasının rəhbəri bildirib ki, Azərbaycan Hö­kuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katib­liyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının rəyləri nəzərə alınmaqla yaxın zamanlarda hazır olacaq.

Təşkilat Komitəsinin sədri 2024-cü il iyunun 3-13-də keçirilmiş Bonn iqlim konfransından sonra Azərbaycanın COP29 sədrliyinin aktiv mərhələsinə qədəm qoyduğunu qeyd edib.

Azərbaycanın COP29 prioritetləri barədə danışan Samir Nuriyev müxtəlif dövlət qurumlarının təklifləri əsasında, eləcə də BMT və digər beynəlxalq qu­rumlarla intensiv müzakirələr nəticəsin­də 14 təşəbbüsdən ibarət ilkin təkliflər siyahısının hazırlandığını bildirib. 

Samir Nuriyev qeyd edib ki, artıq BMT ilə razılaşdırmaqla COP29-un te­matik günlərinin bölgüsü aparılıb.

Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə dövlətlərlə yana­şı, qeyri-hökumət təşkilatları, beyin mərkəzləri ilə də əməkdaşlığa açıq ol­masına toxunan Samir Nuriyev vurğu­layıb ki, bir sıra nüfuzlu əcnəbi şəxslər­dən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsinin yaradılması istiqamətində işlər yekunlaşmaqdadır. 

Sonra ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş pre­zidenti Muxtar Babayev çıxış edərək, COP29-la bağlı ümumi gedişat, Bonn iqlim konfransının nəticələri, COP29 komandasının xarici səfərləri barədə məlumat verib. 

Azərbaycan Respublikası Prezi­dentinin köməkçisi Anar Ələkbərov COP29-a hazırlıq çərçivəsində təşkila­ti-logistika sahəsində aparılan fəaliyyət, o cümlədən Bakı Olimpiya Stadionun­da infrastrukturun qurulması üzrə baş­lanmış işlər barədə məlumat verib.

Xarici işlər naziri Ceyhun Bayramov ümumi substantiv məsələlər, Bonn iqlim konfransında yeni iqlim maliyyəsi hədəfi üzrə aparılmış danışıqlar, COP29 Sədr-liyinin Fəaliyyət Gündəliyi, təşəbbüslər barədə çıxış edib.

Azərbaycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respub­likası Prezidentinin Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kommunikasiya məsələləri, o cümlədən xarici media ilə aparılan işlər barədə danışıb.

İnsan hüquqları üzrə müvəkkil (om­budsman) Səbinə Əliyeva COP29 üzrə həyata keçirilmiş fəaliyyət və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın və texniki təhlükəsiz­lik sahəsində görülən tədbirlər barədə çıxış edib. 

Bakı Şəhər İcra Hakimiyyətinin baş­çısı Eldar Əzizov paytaxtın COP29-a hazırlığı barədə danışıb.

Qida Təhlükəsizliyi Agentliyi səd­rinin müavini Zəkiyyə Mustafayeva ictimai iaşə xidmətlərinin təşkili və bu istiqamətdə həyata keçirilən nəzarət tədbirləri barədə çıxış edib.

“DOST İnklüziv İnkişaf və Yaradıcı­lıq Mərkəzi” Məhdud Məsuliyyətli Cə­miyyətinin direktoru Nigar Məmmədova DOST İnklüziv xətti ilə COP29-la bağlı görülən işlər barədə danışıb.

İclasın sonunda COP29 Tədbir­lər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.



Son xəbərlər