Türkiyə Prezidenti Administrasiyası tərəfindən hazırlanan “Azərbaycanın sirləri” kitabı yayımlanıb

post-img

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən “Bir millət, iki dövlət” şüarı ilə hazırlanan “Azərbaycanın sirləri” kitabı yayımlanıb. Nəşrdə Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ Zəfəri, Azərbaycanın dərin tarixə malik mədəniyyəti əks olunub.

AZƏRTAC xəbər verir ki, kitabın “Ön söz” müəllifi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Türkiyə Prezidenti nəşrdə Azərbaycanla bağlı fikirlərini belə ifadə edib: “Ana yurdu Ergenekonda dəmir dağını əridən Türkün əzmi Azərbaycanda 44 günlük Qarabağ Zəfəri ilə yenidən ortaya çıxaraq bəxtini bir daha dəyişdi. Öz vətən torpaqlarında antiterror əməliyyatı həyata keçirərək 2023-cü ilin sentyabrında ərazi bütövlüyünü uğurla bərqərar edən Azərbaycanın yaşadığı haqlı qürur və sevinci bütün Türk xalqları paylaşır. Bu Qələbə Zəngəzur dəhlizi vasitəsilə türk dövlətlərinin coğrafi bütövlüyü və qardaşlığını daha da gücləndirmək imkanı, regionda və bütün dünyada sülhün təminatı olmaq fürsətini yaradıb. Çünki güclü Türk birliyi bəşəriyyətə sülhün dayağıdır. Bir ağacın budaqları kimi tək bir millətin ayrı-ayrı dövlətləri olan türk ölkələrinin mədəni qardaşlığı ortaq bir qovluqla Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş çoxsaylı miraslarımızda da əks olunur. Əsrləri adlayan tarixi-mədəni birliyimizi coğrafi cəhətdən də möhkəmləndirəcəyinə inandığımız Zəngəzur dəhlizi Türk dünyasının nəhəng potensialını ortaya çıxaracaq şəkildə ticarətdən iqtisadiyyat, sənaye, informasiya-kommunikasiya texnologiyaları və səhiyyə xidmətlərinə qədər bir çox əməkdaşlığın inkişafı üçün yollar açır. Bu tarixi fürsət türk mədəniyyətini genişləndirmək üçün aparılacaq işlərdə də dəyərləndirilməlidir. Ona görə də türk birliyi içərisində öz maddi dəyərlərinə hər zamankından çox sahib çıxaraq mədəni gücü hakim etmək üçün könül körpülərini daha da gücləndirmək türk milləti və dövlətlərinin ən mühüm məqsədi olmalıdır. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən hazırlanan “Azərbaycanın sirləri” kitabı bu hədəfə çatmaq yolunda gözəl bir addımdır”.

Prezident Ərdoğan qeyd edib ki, eyni dildə danışan, tarixi, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailənin üzvləri olaraq inanırıq ki, əldə etdiyimiz hər bir uğur, çatdığımız hər bir məqsəddə təkcə Türkiyənin deyil, bütün Türk dövlətlərinin bayrağını dalğalandırırıq. Qolunda Türkiyə bayrağı ilə yanaşı, qardaş Azərbaycanın bayrağını da kosmosun ürəyinə aparan türk astronavtımızda da bu anlayışın dərin izini gördük.

“Türkiyə-Azərbaycan qardaşlığı”, “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Reprezentativ Siyahısında ümumi mədəni miraslarımız”, “UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında Azərbaycan”, “UNESCO Dünya Mirası Siyahısında Azərbaycan”, “Azərbaycanın turizm məkanları” və “Şuşa” mövzularında altı fəsildən ibarət kitabda ölkələrimiz arasındakı qardaşlıq bağlarının tarixi kökləri, “Bir millət, iki dövlət” şüarı, ölkələrimizin ortaq baxışı, fəaliyyəti və müqavilələri, Qarabağ Zəfəri, Şuşa Bəyannaməsi, Ortaq Media Platformasının yaradılması, Azərbaycanın milli bayramları, xörəkləri, idman növləri, xalçaçılıq, simli alətlər, ipəkçilik kimi mədəniyyət nümunələri, Vətənimizin misilsiz təbiəti, tarixi abidələri kimi müxtəlif məqalələr yer alıb.

Nəşrdə Azərbaycanın şanlı Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsi xüsusi hazırlanmış infoqrafiklə təqdim edilib.

Azərbaycan, türk və ingilis dillərində nəşr edilən kitabda hər mövzuya dair xüsusi fotoşəkillər yerləşdirilib.

Kitabın linki: https://www.iletisim.gov.tr/images/uploads/dosyalar/AzerbaycaninSirlari-min.pdf

Siyasət