Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamında qeyd olunan mühüm məsələlərdən biri də Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin fəaliyyətə başlaması olub. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq NDU-nun Beynəlxalq Məktəbinə Kembric Beynəlxalq Təhsil Proqramı ilə bu dərs ilindən 1-ci və 6-cı siniflər üçün tədris aparılmasına beynəlxalq lisenziya verilib.
Ali məktəbin bu layihə üzrə məsul şəxsi Bayram Əliyev XQ-yə bildirdi ki, Kembric proqramı dünyada bir neçə tanınmış, nüfuzlu tədris proqramlarından biridir və onun diplomlarını (attestat) dünyanın ən nüfuzlu universitetləri tanıyır. Tədrisi ingilis dilində həyata keçirilən Kembric proqramına lisenziya almaq üçün məktəblərdən müasir idarəetmə, yeni və effektiv tədris prosesi, müasir tədris imkanları tələb olunur. Məktəbdə şagirdlər ingilis dili ilə yanaşı, dünya dillərindən, ən azı, birinə də mükəmməl yiyələnirlər.
Səbuhi HƏSƏNOV
XQ