"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin birgə həyata keçirdiyi "Yaşıl dünya könüllüləri” proqramının birinci mərhələsinə yekun vurulub. Bununla bağlı qurum rəhbərlərinin iştirakı ilə ETSN-də hesabat toplantısı keçirilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov, ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev ölkə başçısının rəhbərliyi altında “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də COP29 ilə bağlı ölkəmizdə geniş iş aparıldığını vurğulayıb, ekosistemin qorunmasında gənclərin rolundan bəhs ediblər.
Məclisdə bildirilib ki, bu il martın 13-dən fəaliyyətə başlayan könüllü qrupu ötən dövr ərzində muxtar respublikada keçirilən elmi-praktiki konfranslarda, bir sıra sərgilərdə, “1 günə 100 min ağac əkək”, “Tullantıları tingə dəyiş” kimi ekoloji aksiyalarda, “Əkinçi bağı”nın salınmasında ardıcıl iştirak ediblər. “Yaşıl dünya könüllüləri”nin həmrəylik yürüşü ilə cəmiyyətə ətraf mühitin mühafizəsi və ekosistemlə bağlı bilgilər, sosial mesajlar ötürülüb. Könüllülər hazırladıqları müxtəlif məzmunlu qrafik posterlər sosial şəbəkə hesablarında yayımlanmaqla təbliğat və məlumatlandırma işi də aparıblar.
Müzakirələrdə “Ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsinə dəstək” İctimai Birliyininin üzvlərinin və könüllülərin təklifləri, fikirləri dinlənilib. Sonda bir sıra tədbirlərin təşkilində göstərdiyi əməkdaşlığa görə ictimai biriliyin üzvlərinə təşəkkürnamə, könüllülərə isə sertifikat təqdim edilib.
Səbuhi HƏSƏNOV
XQ