Vaşinqtonda Azərbaycanın COP29 sədrliyinə dair tədbir keçirilib

post-img

Vaşinqtonda Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və ABŞ Ticarət Palatasının birgə təşkilatçılığı ilə “COP29: Ambisiyaların artırılması, fəaliyyət imkanlarının genişləndirilməsi” adlı hibrid formatda tədbir keçirilib. AZƏRTAC-ın məlumatına görə, tədbirdə ABŞ dövlət qurumları, diplomatik korpus, özəl sektor, xarici və yerli media orqanlarının nümayəndələri və digər maraqlı tərəflər iştirak edib.

ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Xuş Çoksi qonaqlari salamlayaraq, iştirakçılara tədbirin proqramı barədə məlumat verib.

Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim dünyada iqlim dəyişmələri fonunda baş verən hadisələrdən və ölkəmizin COP29-a sədrliyi çərçivəsində görülən işlərdən danışıb. Səfir Azərbaycan və ABŞ prezidentləri arasında son iki ay ərzində iki məktub mübadiləsinin baş tutmasını vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsində olmasını, məktublarda regional, enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıqla yanaşı, iqlim dəyişikliyi məsələlərində də əməkdaşlığın vacibliyinin vurğulandığını bildirib.

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniyaz ölkəsinin COP29-a dair məqsədlərindən bəhs edərək, İkiillik şəffaflıq hesabatının vaxtında təqdim olunması üçün Azərbaycanda sıx iş aparılmasından məmnunluq duyduğunu vurğulayıb. ABŞ nümayəndəsi ölkəsinin Paris Sazişinin altıncı maddəsi çərçivəsində Azərbaycanla eyni məqsədləri paylaşdığını qeyd edib. S.Biniyaz yaxın zamanda Azərbaycanın COP29 prioritetlərini və gündəliyini elan etməsini səbirsizliklə gözlədiyini bildirib. ABŞ nümayəndəsi iqlim maliyyəsində özəl sektorun iştirakının mühüm rol oynadığını xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransının konstruktiv müzakirələr aparılmasına imkan verdiyini və tərəflərin iqlim dəyişikliyi məsələlərində bir araya gəlməsi üçün əlavə platforma yaratdığını qeyd edib. Y.Rəfiyev Bonnda keçirilən konfransda ölkəmizin COP29-la bağlı yanaşmasını təqdim etdiyini vurğulayıb. Baş danışıqçı iqlim maliyyəsi məsələlərində dövlət qurumları ilə yanaşı, özəl sektorla birgə əməkdaşlığın əhəmiyyətini də qeyd edib.

COP29 Əməliyyat Şirkətinin koordinasiya şurasının üzvü Oqtay Məmmədov ölkəmizdə keçiriləcək COP29-la bağlı logistik və yerləşmə məsələlərinə dair məlumat verib.

Çıxışlardan sonra sual-cavab sessiyası baş tutub.











Son xəbərlər