Gürcüstanın Marneuli şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü qeyd olunub. Tədbir Marneulidəki “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə keçirilib.
28 May Azərbaycan Respublikasının Müstəqillik Günü ərəfəsində keçirilən mərasimdə Marneuli bələdiyyəsinin üzvləri, Türkiyənin “MAARİF Okulları”nın Gürcüstan nümayəndəliyinin rəhbəri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov müsəlman Şərqində ilk dəfə Azərbaycanda respublika yaradılması, AXC-nin qısa vaxt ərzində qazandığı uğurlar barədə ətraflı məlumat verib.
Gürcüstan parlamentinin keçmiş deputatı Mahir Dərziyev bildirib ki, M.Ə.Rəsulzadə və silahdaşları cümhuriyyəti Tbilisidə elan ediblər.
Tədbirdə “MAARİF Okulları”nın Tbilisi nümayəndəliyinin rəhbəri Ali Sedat Aslan, parlamentin keçmiş deputatı Hidayət Hüseynov, Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva, ziyalı Səyyad Xəlilov, yazıçı Əli Abbas və digərləri çıxış ediblər.
XQ