Mayın 21-də Xarici İşlər naziri Ceyhun Bayramov İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Luka Di Canfrançesko ilə görüşüb.
Görüşdə iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
İtaliya şirkətlərinin yenidənqurma səylərinə töhfəsi məmnunluqla qeyd edilib. Ölkəmizdə mina təhdidi məsələsi diqqətə çatdırılıb, minasızlaşdırma fəaliyyəti sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib.
Ölkəmizdə səfir təyin olunmasından məmnun olduğunu bildirən Luka Di Canfrançesko fəaliyyəti müddətində mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində çalışacağını qeyd edib.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuriy Husyev ilə də görüşüb.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, humanitar və sair istiqamətlərdə inkişafından məmnun olduqlarını qeyd ediblər.
Səfir Yuriy Husyev Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi daimi dəstəyə, o cümlədən, Ukraynaya humanitar yardımlara görə təşəkkür edib.