Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri (KİV) tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində növbəti görüş keçirilib.
Görüşdə bu ilin yanvar–mart ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.
Komissiyanın sədri Əli Əhmədov çıxış edərək bildirib ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə səmərəliliyin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlığının təmin edilməsi sahəsində zəruri tədbirlər görülür.
Bununla yanaşı qeydiyyatda olan narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəricilər təhlil edilib, istifadə ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatın müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması sahəsində kütləvi informasiya vasitələrinin sistemli şəkildə müvafiq işlərin görülməsinin davam etdirməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov bu ilin yanvar–mart ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərə dair aparılan monitorinqin nəticələri barədə məlumat verib.
Çıxış edənlər irəli sürülən tövsiyələri nəzərə alaraq, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə kütləvi informasiya vasitələri tərəfindən daha geniş işıqlandırılmasının əhəmiyyətini vurğulayıblar.
XQ