Mayın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müasir müstəqil Azərbaycanın banisi Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə respublikanın regionlarında yaşayan 4 min 200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaq məhsulları yüklənmiş avtomobil karvanı təşkil edib.
Yolasalma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə bildirib ki, bu gün ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur. AHİK və üzv təşkilatlar da bu münasibətlə müxtəlif tədbirlər təşkil edib.
Ulu Öndərin doğum gününün həm dövlətimiz, həm də xalqımız üçün əlamətdar olduğunu deyən Səttar Möhbalıyev qeyd edib: “Biz Heydər Əliyevin böyüklüyünü və əzəmətini zaman keçdikcə daha dərindən dərk edir, dahi şəxsiyyətin ömrünü Vətənə və xalqa sədaqətli xidmət missiyası kimi dəyərləndiririk. Odur ki, belə əziz bir gündə istədik ki, Ulu öndərimizin bizə miras qalan qiymətli və müqəddəs tövsiyələrinə sadiq qalaraq şəhidlərimizin ailə üzvlərini, qazilərimizi bir daha yad edək, onlara maddi-mənəvi dəstək olaq. Bu, hər birimiz üçün ali missiyadır”.
Dünən Naxçıvan Muxtar Respublikasında yaşayan 1250 qayğıya ehtiyacı olan ailəyə də bayram sovqatları çatdırılıb. Sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bütün bölgələr üzrə aztəminatlı ailələrə ərzaq yardımları göstəriblər.
XQ