Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak edən Azərbaycan QHT təmsilçiləri təbii fəlakət nəticəsində həyatını itirmiş insanların xatirəsinə təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.
COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva vurğulayıb ki, Keniyada baş vermiş iqlim hadisəsi qlobal iqlim dəyişmələrinin fəsadlarını aydın şəkildə nümayiş etdirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədov qeyd edib ki, Azərbaycanda 2024-cü “Yaşıl Dünya Naminə Həmrəylik ili”dir, bu aksiyada iştirak Azərbaycanın həm də yaşıl dünya üçün qlobal mübarizəsinin bir rəmzi kimi qəbul oluna bilər.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədr müavini Roza Səfixanlı, Gənclər Təşkilatları Milli Şurasının sədri Rəfael Hacıbəyli təhlükəsiz dünyanın hamı üçün vacib olduğunu diqqətə çatdırıblar.