Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin şəhərin baş meydanındakı abidəsini ziyarət edib, abidə önünə güllər düzüb, xatirəsinə ehtiamlarını bildiriblər.
Cəlil Məmmədquluzadə adına Dövlət Milli Dram Teatrında keçirilən məclisdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ümummilli liderin dövlətçilik fəaliyyətindən danışarkən böyük ömrün 1990–1993-cü illəri əhatə edən Naxçıvan dövründən xüsusilə bəhs edib. Vurğulayıb ki, həmin illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən dahi şəxsiyyət bütövlükdə müstəqil dövlətçiliyimizin əsaslarını işləyib hazırlayıb.
Fuad Nəcəfli qeyd edib ki, Ümummilli liderin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazılıb. Bu dövrdən etibarə ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə yeni inkişaf strategiyasının təməlini qoyub. Bu gün Azərbaycan dünyada sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Qələbə Xalq–Lider birliyinin təntənəsidir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında misilsiz xidmətlərindən bəhs edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yeni faktlar, yeni reallıqlar təşkil edən “Heydər Əliyev və Naxçıvan” mövzusunu ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin çoxtərəfli öyrənilməsi baxımından yüksək qiymətləndirib.
Konfransın davamında Naxçıvan televiziyasının hazırladığı “Heydər Əliyev və Naxçıvan” filmi təqdim olunub.
XQ