“Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti”

post-img

Mayın 10-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, müasir dövlətçilik tariximizin taleyüklü məqamları və ən böyük uğurla­rı, heç şübhəsiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik dövlət xadimi fəaliyyə­tinin bütün mərhələlərində milli maraqların qorunmasına, mənəvi dəyərlərin və dövlətçilik ənənələ­rinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb və Azərbayca­nın tərəqqisini təmin edib. 

YAP Sədrinin müavini bildirib ki, müasir Azərbaycanın bugünkü reallığı Ulu öndərin milli və bəşəri məzmunlu ideyalarının əbədiya­şarlığını aydın ifadə edir. Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirərək varislik prinsipi əsasında uzaqgörən və məqsədyönlü siyasət həyata ke­çirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Səd­ri İlham Əliyev xalqımıza şanlı dövlətçilik tarixinin ən möhtəşəm uğurlarını qazandırmışdır. Bu nailiyyətlərin zirvə nöqtəsi isə 30 il ərzində Ermənistanın işğalı al­tında qalmış torpaqlarımızın azad edilməsi və ölkəmizin suverenliyi­nin bərpasıdır. 

Ulu öndərin müəyyənləşdirdi­yi bütün strateji hədəflər reallığa çevrilir, ölkəmizin qarşısında yeni perspektivlər açılır. Azərbaycanın beynəlxalq mövqeyi, o cümlədən tarixi Zəfərimizin əsasları möh­kəmləndirilir, Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinə paralel olaraq Böyük Qayıdış prosesi uğurla hə­yata keçirilir, Azərbaycanın milli gücü gündən-günə artır.

Tahir Budaqov söyləyib ki, Heydər Əliyevin tarixiliklə müa­sirliyin vəhdətini yaradan ideya­larının tədqiqi və təşviqi qarşımız­da duran çox mühüm vəzifədir. Ümummilli Liderin ideyaları əsa­sında Azərbaycana tarixi uğurlar qazandıran, onun dövlətçilik irsini yaşadan, xalqın inam və etimadı­nı doğruldaraq yeni və müstəqil Azərbaycan quruculuğunu təmin edən YAP bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstə­rir. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azər­baycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliye­vanın rəhbərlik etdiyi Fond adını daşıdığı dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyalarının tədqiqi və təşviqinə, siyasi irsinin xalqımızın milli-mənəvi sərvəti kimi gələcək nəsillərə ötürülməsinə dəyər­li töhfələr verir. İstər ölkəmizdə, istərsə də respublikamızın hüdud­larından kənarda çoxşaxəli fəaliy­yət göstərərək səmərəli layihələr reallaşdıran Heydər Əliyev Fondu həm yeni cəmiyyət quruculuğu və respublikamızın davamlı inki­şafında, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin möh­kəmlənməsində müstəsna rol oy­nayır”, - deyə o qeyd edib.

Diqqətə çatdırılıb ki, Azər­baycan Ulu Öndərin siyasi varisi İlham Əliyevin liderliyi ilə müasir dövlətçilik tarixinin möhtəşəm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyub.

Sonra Yeni TV-nin hazırladığı “Heydər Əliyev irsi: milli maraqlar­la bəşəri dəyərlərin vəhdəti” filmi nümayiş etdirilib.

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, xalqımız Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümlərini böyük coşqu və ehtiramla qeyd edir. O deyib ki, bu, bir tərəfdən xalqımızın Heydər Əliyevə, onun şəxsiyyətinə və tarixi xidmətlərinə verdiyi böyük qiymətin təzahürü­dür, digər tərəfdən isə xalqın milli dövlətçiliyə ehtiramının ifadəsidir. Bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Digər çıxış edənlər - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Təftiş Ko­missiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sa­diq Qurbanov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov xalqımızın bö­yük Öndərimizə sonsuz məhəb­bətinin əsaslarından, Heydər Əliyev şəxsiyyətinin böyüklüyün­dən, Ulu öndərin Azərbaycan gənclərinə hər zaman xüsusi diqqət və qayğı göstərməsindən, bir sözlə, Ümummilli liderin Azər­baycanın möhkəmlənməsi, mil­li maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunması və di­gər istiqamətlərdə xidmətlərindən danışıblar.

Tədbirin sonunda Yeni Azər­baycan Partiyasının Himni səs­ləndirilib.

***

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nü­mayəndələri mayın 10-da Fəxri xiyabana gələrək ulu öndərin xa­tirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva­nın da xatirəsi anılıb, məzarı üzə­rinə tər güllər düzülüb.

XQ



Son xəbərlər