Xəbər verdiyimiz kimi, Özbəkistanın Xivə şəhərində 3 min il yaşı olan Xarəzm “Ləzgi” rəqsi şərəfinə keçirilən, 33 ölkənin 200-dən çox rəqqas, musiqiçi və sənətşünasının iştirak etdiyi beynəlxalq rəqs müsabiqəsi başa çatıb.
Festivalda ölkəmizi Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı təmsil edib.
Musiqi bayramının sonuncu günü Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekovun, ölkənin tanınmış ziyalılarının iştirakı ilə keçirilən Qala-konsertdə qaliblər elan olunub. Özbəkistan Dövlət Filarmoniyası Xarəzm bölməsinin ansamblı festivalın “Qran-pri”ni qazanıb. 3 birinci mükafat isə Azərbaycan Dövlət Rəqs Ansamblına, Özbəkistan və Qazaxıstanın kollektivlərinə verilib.
Festival çərçivəsində rəqs sənətinə həsr olunan sərgilər, milli geyimlərin, xalq tətbiqi sənət nümunələrinin nümayişi, kitab yarmarkası və digər mədəni-kütləvi tədbirlər də keçirilib.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Xivə