Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə də görüşüb.
Görüş zamanı Azərbaycan və Çexiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar və s. sahələr üzrə strateji tərəfdaşlığın məmnunluq doğurduğu, bununla belə əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensial və imkanlardan istifadə olunmasının zəruriliyi qeyd olunub.
Görüşdə, eyni zamanda ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verilib, habelə iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Alternativ enerji sahəsində ölkəmizin prioritetləri, Avropa ölkələri ilə əməkdaşlıq planları diqqətə çatdırılıb, Çexiya ilə də əməkdaşlıq imkanlarının olduğu bildirilib.
C.Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə regiondakı cari vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa, yenidənqurma və minatəmizləmə işləri, o cümlədən, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Çex şirkətlərinin bərpa-quruculuq işlərində iştirakı üçün geniş potensial və maraq diqqətə çatdırılıb.
Regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində tarixi şəraitin mövcud olduğu bildirilib. Bu çərçivədə, delimitasiya komissiyasında əldə olunmuş razılığa əsasən Ermənistan işğalı altında olan 4 kəndimizin qaytarılmasının əhəmiyyətli addım olduğu diqqətə çatdırılıb.
***
Həmin gün Ceyhun Bayramov Çex Respublikasıın xarici işlər naziri Yan Lipavski ilə də görüşüb.
Nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşlər zamanı Azərbaycanla Çexiya arasında siyasi, iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub, son regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan–Çexiya strateji tərəfdaşlıq əlaqələrinin beynəlxalq hüququn norma və prinsiplərinə, bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və dəstək kimi təməllər üzərində qurulduğu bildirilib.
Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan–Çexiya tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.
XQ