“Əsrin müqaviləsi”nin “Dərinsulu Günəşli” zirvəsi

post-img

Yataqdan 640 milyon barel neft hasil olunub

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi çərçivəsində həyata keçirilən layihələrin hər biri ölkəmizin şanlı neft salnaməsinin yeni öyünclü səhifələrinə çevrilib. “Əsrin müqaviləsi”nin “Dərinsulu Günəşli” zirvəsi də milli neft sənayemizin infrastruktur imkanlarının genişləndirilməsində müstəsna rol oynayıb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına əsasən, (AÇG) yataqlar blokunun “Dərinsulu Günəşli” platformasından indiyədək, təqribən, 640 milyon barel neft hasil edilib.

SOCAR-ın “Dərinsulu Günəşli” plat­formasının istismara verilməsinin 16-cı ildönümü münasibətilə hazırladığı vide­oçarxda platformanın 2008-ci il aprelin 22-də istifadəyə verildiyi, həmin qurğu­dan indiyədək 638 milyon bareldən çox neft və 18,2 milyard kubmetr səmt qazı hasil olunduğu qeyd edilib. Eyni zaman­da, platformadan orta gündəlik neft hasi­latının 2023-cü ilin sonuna 67,3 min barel təşkil etdiyi vurğulanıb. 

Məlumat üçün bildiririk ki, “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin istismarı “Əsrin müqaviləsi”nin yataqla­rın tammiqyaslı işlənməsinin “Faza-3” layihəsi çərçivəsində həyata keçirilir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənmə layihəsi ilə bağlı qərar isə konsorsium iştirakçı­ları tərəfindən 2001-ci il avqustun 30-da qəbul edilib. Bu, “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılmaqda olan ilkin neft layihəsindən sonra atılmış ən mühüm addım idi. Xatırladaq ki, tammiqyaslı işlənmə layihəsinin üç mərhələdə re­allaşdırılması nəzərdə tutulurdu. Belə ki, “Faza-1” və “Faza-2” layihələri mü­vafiq olaraq “Azəri” yatağının mərkəzi, şərq və qərb hissələrinin istismara cəlb edilməsini nəzərdə tuturdusa, “Faza-3” layihəsi “Günəşli” yatağının dərnlikdə yerləşən hissəsini (Dərinsulu Günəşli) əhatə edirdi. 

“Günəşli” yatağının dərinsulu his­səsindən neft və qaz hasilatının həyata keçirilməsini nəzərdə tutan “Faza-3” la­yihəsinin sanksiyalaşdırılması isə “Əsrin müqaviləsi”nin 10-cu ildönümünə, 2004-cü ilin sentyabr ayına təsadüf edib. Ya­taqların tammiqyaslı işlənməsinin 3-cü mərhələsi, təqribən, 176 milyon ton və ya 1,25 milyard barel neftin çıxarılması­nı özündə əks etdirən nəhəng işlənmə layihəsidir. Layihə çərçivəsində nəzər­də tutulmuş mühəndis-təfsilat, tikinti və quraşdırma işlərinin həyata keçirilmə­si ilə əlaqədar elan edilmiş beynəlxalq tenderlərin nəticələrinə əsasən, ABŞ-ın “Halliburton International”, “Vetco Grey Controls”, “Cooper Cameron” və “McDer­mott”, Fransanın “BOS Shelf”, İtaliyanın “Saipem”, İsveçin “Pharmadule Emtunga AB”, Niderlandın “Mercon Steel Struc­tures BV”, Britaniyanın “KCA Deutag” şirkətləri, eləcə də Britaniya–Türkiyə–Azərbaycan alyansı olan “Amec”/“Tek­fen”/ “Azfen” və “Tekfen/Azfen” Türkiyə–Azərbaycan birgə müəssisəsi ilə ümumi dəyəri 1 milyard dollardan artıq podrat müqvilələri imzalanıb. Ümumilikdə isə, layihə üzrə planlaşdırılan tədbirlərin re­allaşdırılması üçün 4,7 milyard dollar və­sait nəzərdə tutulmuşdu ki, bunun da 3,2 milyard dolları tikinti-quraşdırma işlərinə yönəldilib. Tikinti-quraşdırma işlərinin 80 faizindən çoxu Azərbaycanda, həm də yerli işçi qüvvəsindən və ölkənin mövcud infrastrukturundan istifadə olunmaqla yerinə yetirilib. Ölkə daxilindəki tikin­ti-quraşdırma işləri Heydər Əliyev adına Dərin Özüllər Zavodunun inşaat meydan­çasında, xaricdəki işlər isə “McDermott” şirkətinin Dubaydakı müəssisələrində yerinə yetirilib. Bu layihənin icrası zama­nı qəzasız 30 milyon adam/saatı həyata keçirilib. Azərbaycanda həyata keçirilən tikinti-quraşdırma işlərinə cəlb olunmuş ümumi işçi heyətin 80 faizi yerli kadrlar­dan ibarət olub. 

“Dərinsulu Günəşli” komplek­si “Günəşli” yatağının şərqində, su­yun 175 metr dərinliyində yerləşir. Bu nəhəng neftçıxarma kompleksi bir-biri ilə körpü vasitəsilə birləşdirilmiş iki plat­formadan ibarətdir. Hasilat platforması 48 quyu gövdəsinə malik qazma, texno­loji təchizat qurğuları və yaşayış sahə­sindən ibarətdir. Texniki məqsədlər üçün inşa olunmuş digər platformada isə tex­noloji emal, qaz kompressor, suvurma və texnoloji təchizat qurğuları quraşdırı­lıb. “Faza-3” layihəsi çərçivəsində hasil edilən neftin quruya nəqlini təmin etmək məqsədilə “Dərinsulu Günəşli” platfor­masından Səngəçal terminalına 30 dü­ymlük neft və 28 düymlük qaz kəmərləri çəkilib. 

“Dərinsulu Günəşli” platformasında hasilat 2008-ci il aprelin sonlarında baş­layıb. 2014-cü ildə platformada 7,2 mil­yon ton neft çıxarılıb ki, bu da ötən 16 ildə qeydə alınmış ən yüksək hasilat göstə­ricisidir. Həmin il burada gündəlik orta hasilat isə 145,9 min barel təşkil edib. Bütövlükdə isə, hasilata başlandığı ötən illər ərzində “Günəşli” yatağının dərinlik­də yerləşən hissəsindən 90 milyon tona yaxın neft hasil edilib.

Yeri gəlmişkən, hazırda AÇG yataqlar blokunda hasilat 7 platforma vasitəsilə həyata keçirilir. 2023-cü ildə “Azəri-Çı­raq-Günəşli” yataqlar blokundan, ümu­milikdə, 133 milyon barel (18 milyon ton) hasil edilib. İl ərzində burada orta gündə­lik neft hasilatı 363 min barel təşkil edib. 

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blo­kunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istisma­rına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. “Yeni əsrin müqaviləsi” adlandırılan həmin sazişlə “Azəri-Çı­raq-Günəşli” yataqlar blokunun 2049-cu ilin sonunadək işlənməsi nəzərdə tutulub.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat