AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Tatarıstan Elmlər Akademiyasının (Rusiya Federasiyası) Arxeologiya İnstitutunun direktoru akademik Ayrat Sıtdıkovla görüşüb.
Qonağa AMEA-nın elmi istiqamətləri, xüsusilə arxeologiya və antropologiya sahəsində aparılan tədqiqatlar, Azərbaycan arxeologiyasının tarixi, əldə etdiyi nəticələr, yeni yaradılan ekspedisiyalar və onların fəaliyyəti barədə məlumat verən akademik İsa Həbibbəyli ölkəmizdə bu elm sahəsinin daim diqqət mərkəzində olduğunu bildirib. İşğaldan azad olunmuş ərazilərimizdə böyük miqyaslı arxeoloji qazıntı işlərinə start verildiyini diqqətə çatdıran AMEA rəhbəri artıq ilkin uğurlu elmi nəticələrin əldə edildiyini vurğulayıb. Akademiyanın prezidenti aparılacaq tədqiqatların mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, böyük təcrübəyə malik olan Tatarıstan arxeoloq və antropoloq alimlərini Azərbaycan arxeoloqları ilə birlikdə Qarabağda birgə tədqiqatlarda iştiraka dəvət edib.
Görüşdə Tatarıstan EA Arxeologiya İnstitutunun direktoru akademik Ayrat Sıtdıkov çıxış edərək, rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, birgə elmi tədqiqatların aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb, qarşılıqlı elmi bilik və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə AMEA-nın vitse-prezidenti vəzifələrini icra edən akademik Gövhər Baxşəliyeva, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov da iştirak ediblər.
Qabil YUSİFOĞLU
XQ