Azərbaycan–Çin münasibətləri: “Dostluğun qızıl standartı”

post-img

Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə müsahibə əsasında “Dostluğun qızıl standartı” adlı məqalə dərc edib.

H.Hacıyev qəzetin əməkdaşı Sie Ven­tin növbədənkənar prezident seçkilərində qalib gələn Prezident İlham Əliyevin lider­liyi ilə Azərbaycanın Çin ilə münasibət­lərinə, ölkəmizin xarici siyasətində Çinin yerinə, Azərbaycanın BMT-nin İqlim Də­yişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinə, iki ölkənin iqlim də­yişikliyinə qarşı mübarizə üzrə əməkdaş­lığına, Çinin qlobal inkişafdakı payına dair suallarını cavablandırıb.

Administrasiya rəsmisi bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suve­renliyini bərpa etdikdən sonra Prezident İlham Əliyev ölkənin inkişafı ilə bağlı yeni prioritetlər müəyyən edib. Ölkəmizin yaxın dost və tərəfdaşı olan Çin ilə müna­sibətlərin inkişafı da Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısı Azərbaycanın Çin ilə strateji əməkdaşlığının və tərəfdaşlığın genişləndirilməsində, yeni səviyyəyə qal­dırılmasında maraqlıdır. İki ölkə arasında əla siyasi münasibətlər, iqtisadi-ticarət, o cümlədən enerji, nəqliyyat sahələrində yaxın əməkdaşlıq var. Azərbaycan Vahid Çin prinsipini daim dəstləyir.

Şöbə müdiri bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari sahədə əmək­daşlıq üçün olduqca böyük potensial var. Azərbaycan Çini təkcə dost ölkə deyil, həm də bilik, təcrübə və texnoloji tərəqqi mənbəyi kimi qəbul edir. Prezident İlham Əliyev bu amilləri nəzərə alaraq Çin ilə əməkdaşlığı Azərbaycanın prioritetlərin­dən biri kimi müəyyənləşdirib. İki ölkə ara­sında iqtisadi-ticari münasibətlər davamlı inkişaf edir, Çin şirkətləri Azərbaycan iq­tisadiyyatının diversifikasiyasında iştirak edir. Bununla belə ölkələrimizin iqtisadi əməkdaşlığı üçün daha geniş imkanlar var. Azərbaycan milli prioritetlərdən biri olan rəqəmsal və yaşıl keçid sahələrində Çini tərəfdaş kimi görür. Bu istiqamətdə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpaolunan enerji avadanlığı və elektrik avtomobillərinin birgə istehsalı mümkün­dür.

Azərbaycan–Çin əməkdaşlığında “Bir kəmər, bir yol” təşəbbüsünü xüsusi vur­ğulayan Prezidentin köməkçisi bu xüsus­da Orta Dəhlizin əhəmiyyətini qeyd edib, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Çin ilə Avropa arasında vacib bağlantını təmin etdiyini deyib.

Azərbaycanın COP29-a evsahibli­yindən danışan şöbə müdiri H.Hacıyev bildirib ki, bu tədbirin Azərbaycanda ke­çirilməsinə dair qərar beynəlxalq ictima­iyyətin ölkəmizə hörmət və etimadının göstəricisidir. Qazıntı yanacağı ixrac edən Azərbaycan yerli, regional və qlo­bal səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə və qətiyyət nümayiş etdirib. İqlim dəyişikliyi hamı üçün əsas çağırışdır və qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi vacibdir. Azərbaycan COP danışıqlar prosesinin bütün fundamental aspektləri üzrə qlobal səviyyədə daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir.

Azərbaycanın iqlim dəyişikliyi ilə mü­barizə sahəsində Qlobal Cənub və Qlo­bal Şimal arasında anlaşma və həmrəy­liyin qurulmasına çalışacağını bildirən Administrasiya rəsmisi əlavə edib ki, ölkəmiz COP29 ilə əlaqədar fundamental məsələlər üzrə bütün tərəflərlə dialoqa və qarşılıqlı fəaliyyətə açıqdır. Çin Xalq Res­publikası dünyanın aparıcı ölkələrindən biridir. Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin məs­ləhətləşmələrin və müzakirələrin aparıl­ması bizim üçün çox vacibdir.

H.Hacıyev müsahibəsində bəzi media orqanlarında Çin sərmayələrinin və şirkət­lərinin “təhlükəsizlik təhdidi” kimi təqdim olunmasını Çinə qarşı ədalətsiz yanaşma kimi şərh edərək, Çin texnologiyasının dünyada ən yaxşılardan biri olduğunu, ölkəmizdə rəqəmsal keçid prosesində də Çin məhsullarından istifadə olunduğunu diqqətə çatdırıb.

İqtisadi inkişafın ədalətli rəqabətə əsaslanmalı olduğunu vurğulayan H.Ha­cıyev, bəzi ölkələrin təhlükəsizlik və digər mövzularda lazımsız təbliğatla məşğul olduqlarını, bunun dürüst rəqabətə və iqtisadi inkişafa mane olduğunu bildirib. Bəzi ölkələrdə Çin şirkətlərinə qarşı apa­rılan təbliğat təəssüf doğurur. Bu, Azər­baycanın gündəliyinə uyğun deyil. Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir.

Şöbə müdiri Çinin tərəqqisinin, qlobal inkişafa töhfələrinin dost ölkələri sevindir­diyini, Çinin irəli sürdüyü qlobal təşəbbüs­lərin əməkdaşlığı və inkişafı təşviq etdi­yini bildirib. Çin COVID-19 pandemiyası dövründə “peyvənd milliyyətçiliyi” nüma­yiş etdirən bəzi Qərb ölkələrindən fərqli olaraq ehtiyacı olan ölkələrə peyvənd tədarük edib. Dövlətimizin başçısının Çin liderinə müraciətinə cavab olaraq, Çin Azərbaycana vaksin göndərərək xalqımı­zın sağlamlığı və rifahına öz töhfəsini ve­rib. Bu həmrəylik aktı ölkələrimiz arasın­da mövcud olan tərəfdaşlıq nümunəsidir.

Son xəbərlər