Çinin CGTN kanalının “Mərkəz” proqramının xüsusi buraxılışı ölkəmizə həsr olunub

post-img

Çin Mərkəzi Televiziyasının və Çin Beynəlxalq Radiosunun daxil olduğu “China Media Group” media korporasiyasının ingilisdilli CGTN kanalının “Mərkəz” proqramının xüsusi buraxılışı Azərbaycana həsr edilib.

Rəsmi şəxslərlə, nüfuzlu ictimai-si­yasi xadimlərlə aktual mövzular ətra­fında müsahibələr əsasında hazırlanan verilişin aparıcısı Van Quan proqramın əvvəlində ötən il Bakıda Prezident İlham Əliyevlə müsahibəsini, dövlətimizin baş­çısının Azərbaycan-Çin münasibətləri, bu əlaqələrin inkişafı ilə bağlı haqqında fikir­lərini xatırladıb. 

Proqramın qonağı olan Azərbaycan Respublikası Prezidentinin köməkçi­si - Prezident Administrasiyasının xari­ci siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparıcının ölkəmizin xarici siyasətinə, Azərbaycan ilə Çinin siyasi, iqtisadi-ticari, humanitar və digər sahələrdə əməkdaşlığına, əlaqələrin in­kişaf perspektivlərinə, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü və onun tərkib hissəsi olan Orta Dəhliz üzrə əməkdaşlığa, Bakı­da keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələlərinə dair və digər möv­zularda suallarını cavablandırıb. 

H.Hacıyev Prezident İlham Əliyevin Azərbaycan-Çin əməkdaşlığının və tərəf­daşlığının daha da inkişaf etdirilərək key­fiyyətcə yeni səviyyəyə qaldırılmasında maraqlı olduğunu vurğuladığını, iki ölkə arasında münasibətlərin ənənəvi dostlu­ğa əsaslandığını, siyasi əlaqələrdə qarşı­lıqlı etimadın və dialoqun formalaşdığını, iqtisadi-ticari, mədəni-humanitar sahələr­də səmərəli əməkdaşlığın qurulduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçi­vəsində fəal əməkdaşlıq etdiyini bildirdi­yini diqqətə çatdırıb. Azərbaycanın vahid Çin prinsipini dəstəkləməsi və Çinin Azər­baycanın ərazi bütövlüyü və suverenli­yinə daim dəstəyi qeyd olunub. 

Bu ilin fevralında ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı sualı cavablandıran Hikmət Hacıyev bildirib ki, həmin seçkilər müstəqil Azər­baycanın tarixində ölkənin bütün suve­ren ərazisində keçirilmiş ilk seçkilər kimi tarixə düşüb. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hərbi təcavüz və separatizm səbəbindən ölkənin bütün ərazisində seçkilərin keçi­rilməsi mümkün olmamışdı. Diqqətə çat­dırılıb ki, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə Azər­baycanın ərazi bütövlüyünü və suveren­liyini bərpa edəcəyinə dair xalqa verdiyi vədi yerinə yetirməyə müvəffəq olub. 

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Regi­onda Azərbaycanın yaratdığı status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanır. Fevralda keçirilmiş və Prezident İlham Əliyevin inamlı qələbəsi ilə nəticələnmiş seçkilər Azərbaycan tarixi üçün mühüm hadisə olmaqla yanaşı, ölkəmizin yeni hədəflərə yolunu da açıb. Bu gün rəsmi Bakı daha fəal xarici siyasət yürütməkdə qlobal məsələlərin həllində daha aktiv rol oynamaqda maraqlıdır. 

Proqramda qeyd olunub ki, son illər Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində “Bir kəmər, bir yol” təşəbbüsü xüsusi rol oynayır. Bu xüsusda Orta Dəhlizin imkanlarından maksimum dərəcədə istifadə olunması­nın gələcəkdə iqtisadi-ticari münasibət­lərə böyük töhfələr verəcəyi vurğulanıb. Həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusi əlaqələrini nəzərə ala­raq Çin-Mərkəzi Asiya-Azərbaycan for­matında əməkdaşlıq imkanlarından bəhs edilib. Bildirilib ki, Azərbaycan tərəfdaş ölkələrlə birlikdə bu ticarət və nəqliyyat dəhlizinin daha səmərəli şərtlərlə fəaliy­yəti üçün davamlı iş aparır. 

Verilişdə Azərbaycan və Çinin ikili standartlarla üzləşməsi, bəzi Qərb ölkələ­rinin digərlərinin daxili işlərinə qarışması, başqalarına dərs keçmək və ya moizə oxumaq cəhdləri qınanılıb. 

Verilişdə Azərbaycanda yaşıl keçid, yaşıl inkişaf siyasətindən söz açılıb, bu istiqamətdə Çinin rəsmi Bakının vacib tərəfdaşı olduğu, ölkələrimizin sözüge­dən sahədə yaxşı əməkdaşlıq imkanları­nın mövcudluğu diqqətə çatdırılıb. Qeyd olunub ki, COP29-a ev sahibliyi barədə qərar zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycanın yaşıl keçidlə bağlı qəti ira­dəsinin təcəssümüdür. Bu cür tədbirlər Azərbaycanın yaşıl keçid, rəqəmsal inki­şaf ilə bağlı prioritetlərinin həyata keçmə­sinə töhfə verəcək. Azərbaycanın COP29 çərçivəsində Qlobal Cənub və Qlobal Şimal arasında həmrəyliyə, konsensusa nail olmaq istiqamətində çalışacağı, inki­şaf etməkdə olan, az inkişaf etmiş ölkələr və ətraf mühit dəyişmələrinin fəsadları ilə daha qabarıq şəkildə üzləşmiş kiçik ada ölkələrinin problemlərinin eşidilməsi üçün səylərini əsirgəməyəcək. 

Proqramda iki ölkə arasında turizm əlaqələrindən də söz açılıb, bu xüsusda dünyanın ən böyük turist bazarlarından olan Çindən ölkəmizə daha çox səyahət­çinin cəlb olunması üçün görülən işlərdən danışılıb. Eyni zamanda, Çin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin, Bakı ilə Pekin arasında birbaşa uçuşların bu işə töhfə verdiyi vurğulanıb, Azərbaycan ilə Çinin regionları arasında əməkdaşlıq­dan bəhs olunub.

Son xəbərlər