Qarabağ bölgəsində ermənilərə məxsus növbəti dayaq məntəqəsi aşkar edilib - VİDEO

post-img

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib.

Bu barədə XQ-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd T-72B tankı, 4 ədəd D-20 artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd “Ural” və 1 ədəd “Kamaz” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib.

“Aşkar edilmiş dayaq məntəqəsində mövcud olan atəş vasitələrinin 10 noyabr 2020-ci ildən sonra yaranmış təmas xəttindən dərində yerləşən Suqovuşan və ətrafdakı digər yaşayış məntəqələri istiqamətində tuşlanaraq yerləşdirilməsi onların Azərbaycana qarşı hərbi təxribatlarda tətbiq edilməsini əyani sübut edir.

Lokal antiterror tədbirlərindən sonra Qarabağ ərazisində hələ də tapılmaqda olan silah-sursat və ağır hərbi texnikanın sayı onu göstərir ki, həmin ərazilər miqyasına görə nəinki regionun, hətta dünyanın ən hərbiləşdirilmiş zonalarından birinə çevrilib.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq əvəzinə Ermənistan tərəfi xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağ iqtisadi rayonuna daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırıb, həmçinin hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.


Son xəbərlər