Martın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik Z.Həsənov 30 illik işğal və indiki dövr-də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib. O, NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Y.Stoltenberq Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı və NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə fəaliyyətlərini yüksək qiymətləndirib. Ordumuzun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığının Azərbaycan–NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.
Sonda kibertəhlükəsizlik, minatəmizləmə, eləcə də ikitərəfli hərbi əlaqələrin digər sahələrində inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
XQ