Martın 18-də xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.
Nazir ölkəmizin NATO ilə əməkdaşlığın, xüsusilə, bu il 30-cu ildönümü tamam olan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən birgə fəaliyyətin daha da inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyinə hazırlıq prosesindən bəhs edən nazir Ceyhun Bayramov COP29 irsinin iqlim dəyişikliyi təhlükəsi ilə mübarizəyə töhfə olması üçün tərəfimizdən aidiyyəti tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaradan, eləcə də aparılan yenidənqurma işlərinə maneə törədən mina problemi ilə mübarizədə beynəlxalq ictimaiyyətin dəstəyinin əhəmiyyəti vurğulanıb. Azərbaycan–Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şəraitin mövcud olduğu, bu istiqamətdə yaranmış imkanlardan maksimum istifadə edilməsi üçün ölkəmiz tərəfindən davamlı səylərin göstərildiyi diqqətə çatdırılıb.
Yens Stoltenberq Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində bir çox sülhməramlı missiyalarda nümunəvi fəaliyyətinin təqdirəlayiq olması ilə yanaşı, ölkəmizin NATO bölgəsinin enerji təhlükəsizliyinə verdiyi töhfənin əhəmiyyətindən bəhs edib. Xüsusilə cari ildə ölkəmizin COP29-a sədrliyinin enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizə sahələri arasında sinerjiyə töhfə verəcəyinə dair inam ifadə olunub.
XQ