Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edib.
Ceyhun Bayramov çıxışında İsrail–Fələstin münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin, Qəzza bölgəsindən insanların didərgin düşməsinin, habelə əhalinin aclıqla üzləşməsinin ciddi narahatlıq doğurduğunu qeyd edib.
Ölkəmiz adından qurbanların ailələrinə və yaxınlarına başsağlığını çatdıran nazir Azərbaycanın hərbi əməliyyatların təcili şəkildə dayandırılması ilə bağlı çağırışlara qoşulduğunu, habelə günahsız insanların itkisinə son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın İsrail–Fələstin münaqişəsinin beynəlxalq hüququn normaları, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəklədiyi, habelə bu illər ərzində münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində davamlı səylər göstərdiyi diqqətə çatdırılıb.
Milli səviyyədə qardaş Fələstin xalqına göstərilən humanitar yardımdan bəhs edən nazir Azərbaycanın insanlara yardım üçün sonuncu dəfə BMT-nin müvafiq agentliyinə 2 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verdiyini bildirib.
* * *
Nazir Ceyhun Bayramov fövqəladə iclas çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
Söhbət zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. İran naziri ölkəmizdə seçkilərin Azərbaycanın bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb.
Nazirlər Azərbaycanın səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə də fikir mübadiləsi aparıblar.
Tərəflər yüksək səviyyəli təmasların genişləndirilməsi, Azərbaycanla İran arasında Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının işinin önəminin, bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər.
Ceyhun Bayramov həmkarına mövcud regional vəziyyət, eləcə də Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri barədə məlumat verib.
XQ