Antalyada keçiriləcək Diplomatik Forumda 147 ölkədən nümayəndələr iştirak edəcək. Məlumatı “Anadolu” verib.
Diplomatik mənbələrdən verilən məlumata görə, Antalyada keçiriləcək üçüncü Diplomatik Forumda 19 dövlət başçısı, 73 nazir və 57 beynəlxalq nümayəndə olmaqla 4500-ə yaxın qonaq iştirak edəcək.
Forumun əsas mövzusu “Böhranlar zamanı diplomatiyanın ön plana çıxarılması”dır. Forumda qlobal problemlər və böhranlar, eləcə də iqlim dəyişikliyi, miqrasiya, antiislamizm, ticarət müharibələri və süni intellekt kimi bir çox qlobal problemlər müzakirə olunacaq.
Bu il martın 1-dən 3-dək davam edəcək forum çərçivəsində 52 panel müzakirəsi keçiriləcək.
Antalya Diplomatik Forumu çərçivəsində təkcə diplomatlar və siyasətçilərin deyil, tələbələrin, alimlərin, qeyri-hökumət təşkilatlarının və iş dünyası nümayəndələrinin də iştirak edəcəyi bir çox sərgilər keçiriləcək. Forum çərçivəsində Türkiyənin incəsənət, enerji, müdafiə və sənaye sahələrindəki baxışlarını ortaya qoyan “Türk Əsri” sərgisi açılacaq.
Bundan əlavə, forumda Qəzzada baş verən insan faciəsinə uşaqların gözü ilə diqqəti cəlb etmək məqsədilə Prezident Administrasiyasının İstanbuldakı Kommunikasiyalar İdarəsinin təşkil etdiyi “Güllə keçirməyən arzular: qəzzalı rəssam uşaqlar” adlı sərginin bir hissəsi də nümayiş olunacaq.
P.ƏMİRCANOV
XQ