Polşa Respublikasının Krakov şəhərində Azərbaycan evinin açılış mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, əvvəlcə Azərbaycanın və Polşanın dövlət himnləri səsləndirilib, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, eləcə də diplomatik korpusun, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxışında Azərbaycan evinin Krakov və ətraf şəhərlərdə yaşayan həmvətənlərimizin bir araya gəlməsi, milli maraqlar uğrunda birgə fəaliyyət göstərməsi və ölkəmizin mədəniyyətinin təbliği baxımından uğurlu məkan olacağına, Polşa azərbaycanlılarının vahid platforma ətrafında birləşməsində böyük rol oynayacağına inamını ifadə edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşanın paytaxtı Varşavada 2019-cu ildən fəaliyyət göstərən Azərbaycan evinin soydaşlarımızın təşkilatlanmasında, Vətəndən uzaqda böyüyən azərbaycanlı uşaqlara ana dilinin, Azərbaycan tarixinin aşılanmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Komitə sədri Polşada sayca ikinci Azərbaycan evinin açılması münasibətilə soydaşlarımızı təbrik edib və bunun dövlətimizin soydaşlarımıza qayğısının təzahürü olduğunu bildirib. Komitə sədri Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların daha səmərəli təşkilatlanması üçün hər il dünyanın dörd bir yanında Azərbaycan evlərinin, həftəsonu məktəblərinin açıldığını qeyd edib və tədbirdə iştirak edən soydaşlarımızı istər yaşadıqları ölkənin ictimai həyatına inteqrasiya, istərsə də Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması məsələsində daha aktiv olmağa çağırıb. Azərbaycan evlərinin, bu evlərin nəzdində fəaliyyət göstərən ana dili məktəblərinin fəaliyyəti, azərbaycanlılara göstərilən pulsuz hüquqi yardım təşəbbüsü yüksək qiymətləndirilib.
XQ