Silah və narkotik satışı ilə məşğul olanlar saxlanılıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 17-də və 18-də ümumi çəkisi 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Məlumatı DİN mətbuat xidməti verib. 

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Kamran Abuzərov saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. K.Abuzərov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Nəsimi RPİ-nin 21-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə narkotiklərin  qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Məmməd Vəliyev saxlanılıb. Ondan satmaq məqsədi ilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan  heroin aşkar edilərək götürülüb. 

Bundan əlavə, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən son günlər keçirilən tədbirlər zamanı müxtəlif şəxslərdən ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, 7 ədəd patron darağı əməliyyat yolu ilə aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər