İlk türk astronavtı Alper Gezeravcının da olduğu Dragon kosmik gəmisi və Axiom-3 missiya komandası Florida sahillərində okeana endi.
Fevralın 7-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılan ekipajı daşıyan Dragon kapsulunun səyahəti, təxminən, 48 saat çəkdi.
Qeyd edək ki, Alper Gezeravcını kosmosa aparan vasitə yanvarın 16-da ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb.
Ax-3 Missiyası astronavtları Michael López-Alegría, Walter Villadei, Marcus Wandt və Alper Gezeravcı 20 yanvar şənbə günü yerli vaxtla 07.13-də Beynəlxalq Kosmik Stansiyaya daxil olublar. Gezeravcının səyahətə başladıqdan sonra ilk mesajı “Gələcək səmadadır” olub. O, stansiyada olduğu müddətdə 13 təcrübə həyata keçirib.
Təcrübələr zamanı Türkiyənin kosmos, aviasiya və müdafiə sənayesi üçün yeni araşdırma işləri aparıb. Türkiyə Kosmik Agentliyinin yaydığı məlumata görə, süni intellekt vasitəsilə aparılan təcrübələr xərçəng və immunitet sisteminin zəifləməsinə təsir edəcək xəstəliklərlə bağlı dünya elm ədəbiyyatına töhfə verəcək mühüm tapıntılara səbəb ola bilər..
Alper Gezeravcı X sosial media platformasında kosmosda apardığı bitki təcrübələrini də ətraflı izah edib. Gezeravcı bildirib ki, bu araşdırmalar, dəyişən iqlim hadisələri səbəbi ilə bitkilərin çətin şərtlərə reaksiyasını ölçür. Atdığımız hər addım Yer kürəmizin gələcəyi üçündür.
Qeyd edək ki, komanda gəmidən vertolyotla hava limanına, daha sonra isə təyyarə ilə Hyuston şəhərinə aparılacaq.Təyyarənin həkimləri uçuş zamanı astronavtların ümumi müayinələrini də həyata keçirəcəklər. Astronavtlar Hyustonda hərtərəfli sağlamlıq müayinəsindən keçəcək və bir müddət karantində qalacaqlar.
Fidan SALMANOVA
XQ