Vətəndaş Həmrəyliyi Partiyası seçki qalibini təbrik edib

post-img

Vətəndaş Həmrəyliyi Partiyası İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi ilə bağlı bəyanat yayıb. Partiya sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının imzaladığı açıqlamada deyilir:

– Vətəndaş Həmrəyliyi Partiyası 7 fevral 2024-cü il tarixdə ölkəmizdə keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini öncədən açıq şəkildə bildirmişdi. Bu mövqeyinə sona qədər sadiq qalan partiyası seçki prosesini diqqətlə izləmiş, öz təmsilçiləri ilə səsverməni müşahidə etmişdir.

Seçki öncəsi təbliğat və təşviqat işlərində namizədlər üçün yaradılmış bərabərhüquqlu şərait, onların mətbuata rahat çıxışının təmin olunması, əhali ilə görüşlərinə geniş imkanlar yaradılması seçkilərin demokratik ruhda keçiriləcəyinin ilkin əlamətləri olmuşdur. Seçki prosesi boyu və səsvermə günü hansısa qanunsuz hal və pozuculuq fəaliyyəti tərəfimizdən müşahidə edilməmişdir. 

Bəyanatda daha sonra qeyd edilir ki, bu seçkilərdə Azərbaycan xalqı öz demokratik prinsiplərini qoruyaraq yüksək seçici fəallığı göstərmişdir: “Seçicilərin böyük əksəriyyəti Azərbaycan xalqına misilsiz qələbələr bəxş edən, bizim də dəstəklədiyimiz İlham Əliyevə səs vermişdir. Vətəndaş Həmrəyliyi Partiyası və partiyamızın çoxsaylı üzvləri adından seçkilərin nəticəsini ədalətli hesab etdiyimizi bəyan edir və İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, İlham öz ali missiyası ilə türk dövlətləri birliyinin yaranmasında da həlledici rol oynayacaqdır”. 

XQ

 

Son xəbərlər