Paytaxt seçiciləri hərtərəfli yeniləşmə və tərəqqi siyasətinin davamına səs verdilər

post-img

Nəsimi

Bakının mərkəzi rayonu Nəsimi müstəqil dövlətimizin inkişafında yeni mərhələ sayılan hərtərəfli yeniləşmə və tərəqqi prosesinin önündə gedir. Ölkə rəhbərliyinin təşəbbüsü və birbaşa nəzarəti altında son illərdə burada gerçəkləşdirilən silsilə layihələr ərazinin simasını başdan-başa dəyişdirmişdir.

218 min əhalinin yaşadığı rayonda sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərlə insanların rifahı xeyli yaxşılaşmışdır. Paytaxtın mədəni həyatının zənginləşməsinə Nəsimi royonunun töhfəsi də çoxalmışdır. Bütün bunlar ümumi məmnunluğu yüksəltmiş, ölkədə gerçəkləşdirilən islahatların yeni mərhələsində insanların fəal iştirakına təkan vermişdir. 

Dünən ölkədə keçirilən prezident seçkilərinə rayon ərazisində dəvət almış 106 min 824 seçici növbəti dəfə vətəndaşlıq borcunu yerinə yetirməyə belə bir mənəvi-siyasi ab-havada çıxmışdı. Son illərdə əksəriyyəti əsaslı təmir edilmiş və yenidən qurulmuş sosial-mədəni obyektlərdə yerləşən seçki məntəqələrinin qarşısında kütləvilik və mütəşəkkillik səhər saatlarından açıq-aşkar görünürdü. 2020-ci ilin Qarabağ Zəfərindən qaynaqlanıb gələn, ötən ilin payızında Xankəndidə separatçı xuntanın darmadağın edilməsi ilə daha da yüksələn ümumxalq təntənələri bu gün yeni bir dalğa ilə təzahür edirdi. 

Rayonun iri və yığcam yaşayış massivi olan mikrorayonlarda yerləşən 21 saylı dairənin 15 saylı seçki məntəqəsi paytaxtın 5 saylı məktəbində yerləşir. IV mikrorayonun bir hissəsini əhatə edən məntəqə açılmamışdan binanın qarşısına qocalı-cavanlı, kişili-qadınlı xeyli seçici toplaşmışdı. Seçki komissiyasının sədri qapıları taybatay açıb səsvermənin başlanmasını elan edəndə bir-birini yaxından tanıyan məhəllə sakinləri uğurlu başlanğıc və ehtiram əlaməti olaraq bayaqdan başına toplaşdıqları Qarabağ qazisi Kəbi Lalayevi qabağa verdilər. 

Sonra izdihamdakılar kiçik dəstələrlə içəri daxil olub səsvermə prosesinə qoşuldular. Giriş qapısının yan tərəfində “şəfaf mürəkkəb” yoxlanışından keçənlər şəxsiyyət vəsiqəsi ilə komissiya üzvlərinə yaxınlaşır, ümumi siyahıda adlarının qarşısına imza qoyandan sonra səsvermə bülleteni alır, seçim etmək üçün pərdə arxasına keçirdilər. 

Səyyar kabinədən ilk çıxan Qarabağ qazisi yüksək əhvalla dörd qatladığı bülleteni ilk olaraq şəffaf qutuya salıb “uğurlu olsun!”– dedi. Kəbi ­Lalayevi bir kənara çəkib ayaqüstü müsahib olduq:

– Seçimimi açıqlaya da bilərəm. Qaydaya uyğun olaraq, bunu eləmirəm. Mən I Qarabağ savaşında Qazaxda döyüşmüşəm. Bizim mövqeyimizdə məğlubiyyət olmasa da, daxili və xarici düşmənlər bizi Qarabağda uduzdurdular. 30 il başımızı yuxarı qaldıra bilmədik. Vətən müharibəsində mənim oğlumun da sıralarında olduğu nəsil Qarabağı düşməndən azad etdi, milli qeyrətimizə düşmüş ləkəni sildildi. Bax mən bu siyasətin davamına, bu Zəfərin xalqa gətirdiyi yeni ruha, qarşımızda açılmış yüksəliş meydanında yeni uğurlar qazandıracaq, inandığım, sevdiyim namizədə səs verdim. Onu da deyim ki, biz Qarabağ qazilərinin hamısı eyni seçim etməyi qərara almışıq. 

Prosesi xeyli izlədikdən sonra 15 saylı seçki məntəqəsinin  sədri ­Məlahət  Hüseynovaya yaxınlaşdıq. O, sualımıza cavab olaraq bildirdi: 

– Seçki siyahısına ərazidə yaşayan 1484 sakinin adı daxil edilib. Onlardan 16-sı son günlərdə başqa ünvana getməsi ilə bağlı çıxarış vərəqi alıb. Artıq 1 saatdır ki, səsvermə başlayıb. Hər kəsə bülleten lazımi yoxlanışdan və şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra verilir. Başqasının əvəzinə səs vermək yolverilməzdir. Ümumi fəallıq əvvəlki seçkilərlə müqayisədə çox yüksəkdir. 

Məntəqədən çıxanda Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski ilə rastlaşdıq. Seçkiqabağı təşviqat kampaniyası zamanı keçirdikləri görüşlər zamanı tanış olduğumuz Vaqif müəllim söylədi ki, onların məqsədi seçici fəallığına nail olmaq idi: “Bu gün isə Şura üzvləri müşahidəçi kimi məntəqələri dolaşırlar. Rayon üzrə 3 dairənin bütün məntəqələrində yüksək fəallıq var. Hər kəs öz namizədinə sərbəst şəkildə səs verir. Uzun illər çoxsaylı seçkilərdə olmuşam. Budəfəki yüksək əhval heç vaxt olmayıb. Şübhəsiz bu, 30 il xalqımızı üzmüş, ölkəmizə hədsiz bəlalar gətirmiş Qarabağ ağrısına ən yüksək səviyyədə son qoyulmasının nəticəsidir. Biz yaşlı nəsil xalqımıza daha böyük sevinclər, təntənələr arzulayırıq. İnanırıq ki, seçkidə qalib gələn namizəd ölkəmizi yeni qələbələrə aparacaq”.

Xətai

Növbədənkənar prezident seçkiləri paytaxtımızın əhalisinin sayına görə ən böyük rayonlarından olan Xətaidə də böyük mütəşəkkilliklə keçdi. Səhər saatlarından etibarən apardığımız müşahidələr əhalinin seçki məntəqələrinə axınını aydın şəkildə nümayiş etdirirdi.

Qeyd edək ki, Xətai rayonu ərazisində dörd seçki dairəsi fəaliyyət göstərir. Bunlar 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü və 35 saylı Xətai-Suraxanı seçki dairələridir. Əvvəlcə 35 saylı Xətai üçüncü seçki dairəsinin 17, 18, 19 və 31 saylı məntəqələrində olduq. Həmin məntəqələr Azərbaycanın Milli Qəhrəmanı Tahir Bağırovun adını daşıyan 59 saylı tam orta məktəbdə yerləşir.

Məntəqənin girişində səs verməyə gələn bütün seçicilərin barmaqları ultrabənövşəyi şüalarla təchiz olunmuş xüsusi detektorlarla diqqətlə yoxlanılırdı. Seçkidə şəffaflığın təmin edilməsinin mühüm elementi olan həmin cihazla yoxlama səs verməyə gəlmiş seçicinin bundan öncə səs verib-vermədiyini aşkarlamaq üçündür. Səsvermə bülleteni alaraq kabinəyə yaxınlaşan seçicinin barmağına isə gözlə görünməyən mürəkkəb vurulurdu.

Ümumilikdə, məktəb daxilində izdiham yaşanırdı. İnsanlar səs vermək üçün növbəyə düzülmüşdülər. Seçicilər arasında ilk dəfə səs verənlər də var idi. Onlardan biri 2005-ci il təvəllüdlü Kərimov Davud Səbuhi oğludur. Davud Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birinci kurs tələbəsidir. O, “XQ”yə açıqlamasında dedi: “Prezident seçkiləri mənim səsvermə hüququmun yaranmasından sonra keçirilən ilk seçkilərdir. Təəssüratım yüksəkdir. Səsvermə yaxşı təşkil olunub. Proses qanunauyğun şəkildə gedir. Hamı kimi biz də bülleten aldıq və səsvermə kabinəsinə keçərək öz iradəmizi azad şəkildə ifadə etdik. Seçkilərin xalqımıza və dövlətimizə düşərli olmasını arzu edirəm”.

31 saylı məntəqə seçki komissiyasının sədri Fəridə Nəsibova açıqlamasında bildirdi: “Məntəqədə 1346 seçici qeydiyyatdadır. Seçkilər çox fəal keçir. Seçicilərin iştirakından razıyıq. Aktivlik yüksəkdir”.

Məntəqələrdə namizədliyi siyasi partiyalar və öz təşəbbüsü ilə irəli sürülmüş şəxsləri təmsil edən müşahidəçilər də var idi. Onlardan Şahnaz Sadıqova dedi: “Mən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Orucu təmsil edən müşahidəçiyəm. Müşahidəçilərə heç bir problem yaradılmır. Səsvermədə yüksək aktivlik müşahidə olunur”.

Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Əliyevi təmsil edən müşahidəçi Raqif Əzizli seçkilərin şəffaf qaydada keçirildiyini bildirdi. Qeyd etdi ki, seçkilər azad və aşkar keçirilməsinə görə nümunə ola bilər: “Seçicilərin çoxluğunu özünüz də müşahidə edə bilərsiniz. İnsanlar dəstə-dəstə gəlir, səs verdikdən sonra məntəqələri tərk edirlər. Qeydiyyatı olmayanların şəxsiyyət vəsiqələri yoxlanılır, onların adları ayrıca siyahıya daxil edilir və səs vermələrinə şərait yaradılır”.

Vətəndaş Zülfiyyə Abdullayeva da ilk dəfə səs verənlər sırasında idi. Səsvermədən sonra onun fikirlərini öyrəndik: “Səsvermə normal qaydada keçirilir. Hər hansı çətinliklə üzləşmədik. İstədiyimiz namizədə səs verdik”.

Ölkəmizin rus əsilli vətəndaşı Antonina Petrovna Qodunova həyat yoldaşı, qızı və kürəkəni ilə birlikdə səsvermədə iştirak edirdi: “Bu gün, fevralın 7-si Azərbaycanın həyatında əlamətdar gündür. Biz öz iradəmizlə, xoş niyyətlə seçkidə iştirak etməyə gəlmişik. Biz ölkəmizin işıqlı gələcəyinə səs verdik. Arzu edirik ki, hər şey yaxşı olsun”.

Məktəb daxilində yerləşən 19 saylı məntəqə seçki komissiyasının sədri Pikə Əhmədova isə qəzetimizə açıqlamasında seçicilərin fəallığının çox yüksək olduğunu bildirdi: “Məntəqəmizdə 1459 seçici qeydiyyatdadır. Fəallıq yüz faizdir. Gördüyünüz kimi, seçicilər bülletenləri almaq üçün gözləməli olurlar. Bu saatadək nə qədər seçici gələcəyini gözləyirdiksə, o qədər də gəlib”.

Qeyd edək ki, 35 saylı Xətai üçüncü seçki dairəsində 50 min 395 seçici daimi qeydiyyatdadır. Onlardan bir nəfərin yaşı yüzdən yuxarıdır. Dairə üzrə 41 seçki məntəqəsi mövcuddur. Seçki məntəqələrinin 11-ində, o cümlədən, bizim də müşahidə apardığımız 17 saylı məntəqədə veb-kamera quraşdırılmışdı. Dairə üzrə hərbi hissə və xəstəxanalarda yerləşən və seçki gününə beş gün qalmış yaradılan məntəqələrin sayı isə 6-dır. Həmin məntəqələr fevralın 2-dən etibarən fəaliyyətə başlayıb.

Daha sonra seçki prosesini 33 saylı Xətai birinci seçki dairəsinin 38 saylı məntəqəsində izlədik. Həmin məntəqədə seçici siyahısında 1314 nəfərin qeydiyyatda olduğunu öyrəndik. Səsvermənin ilk saatlarında onlardan 185 nəfəri artıq səsvermə hüququndan istifadə etmişdi. Səs verdikdən sonra 35 yaşlı vətəndaş Vüsal Qarayevin fikirlərini öyrəndik: “Proses əla adlandırılmağa layiq təşkil olunub. Səsvermə qanunvericiliyin tələblərinə əməl etməklə təşkil olunub”.

Səbail

7 saylı Səbail seçki dairəsinin 26 saylı məntəqəsi rayonun “20-ci sahə” adlanan qəsəbəsindəki 51 saylı tam orta məktəbin binasında yerləşir. Bu gün (dünən-red) səhər saat 10 radələrində buraya gələndə, əvvəlcə gözlərimə inanmadım. Məntəqənin qarşısında azı 40-50 adam səs vermək üçün növbəyə durmuşdu. 

“Bəlkə, səsvermə prosedurunda ləngimə baş verir?” – deyə ani olaraq düşündüm. Bir neçə dəqiqədən sonra bəlli oldu ki, burada ləngimədən söhbət belə gedə bilməz. Belə ki, məntəqə üzvləri vaxt itirmədən seçicilərdən bildirişləri qəbul edir və seçki bülletenlərini vətəndaşlara təqdim edirdilər. Növbə ona görə yaranırdı ki, sadəcə insanlar axın-axın gələrək öz vətəndaşlıq borclarını tez yerinə yetirməyə çalışırdılar. Sözün düzü, bu səhnəni müşahidə edərkən təsirlənməmək qeyri-mümkün idi! 

Məntəqədə belə yüksək seçki fəallığı ilə üzləşəcəyini uzaq Meksika Respublikasından 7 fevral prezident seçkilərini izləmək üçün ölkəmizə gələn beynəlxalq müşahidəçi, Meksika Konqresinin deputatı Alberto Villa Villegas da gözləmirmiş.

– Bakıda bu gün müşahidə etdiklərim məni yaxşı mənada təəccübləndirdi. Seçici fəallığı olduğum bütün məntəqələrdə son dərəcə yüksəkdir. Bu, ilk növbədə, ona dəlalət edir ki, Azərbaycan xalqı və dövləti, həqiqətən, sivil və demokratik dəyərlərə böyük önəm verir. Bu, bütün dünyaya gözəl nümunədir! Meksikanın aparıcı “Morena” (Milli Hərəkat) Partiyasının rəhbərlərindən biri olan qonaq sonra dərin məmnunluq hissilə son illər müstəqil Azərbaycanla onun ölkəsi arasında bütün sahələrdə hərtərəfli əlaqələrin inkişaf etdiyini qeyd etdi. 

Yeri gəlmişkən, Meksika Konqresinin məsləhətçisi Niddiya İzney Parra da ölkəmizdə prezident seçkilərinin dünyanın ən yüksək standartları səviyyəsində keçirildiyini, ölkə vətəndaşlarının səsvermə prosesində olduqca fəal iştirak etdiklərini izləməkdən məmnun qaldığını vurğuladı. 

…Məktəbin digər korpusunda, 7 saylı dairə seçki komissiyasının 17 nömrəli məntəqəsində də yüksək seçki fəallığı müşayiət olunurdu. Burada nəzərəçarpan əsas cəhətlərdən biri də, həm də o idi ki, səsvermə prosesinə qatılanların çoxu gənclər idilər. Onların çoxunun üzündə xoş əhvali-ruhiyyə vardı. 

Gənc qızlardan birinə yaxınlaşdım və ondan özünü təqdim etməsini xahiş etdim:

– Adım Züleyxa, soyadım Əliyevadır. Bakı Dövlət Universitetində hüquq fakültəsinin 2-ci kursunda oxuyuram. Həyatımda ilk dəfədir ki, seçkilərə qatılıram. Qalib ölkənin qalib vətəndaşı olmaqdan son dərəcə xoşbəxtəm. 

Züleyxa ilə qısa, ayaqüstü söhbət zamanı öyrəndim ki, o, təhsil aldığı ali məktəbdə dərslərini əla qiymətlərlə oxuyur. Universiteti bitirəndən sonra isə peşəkar vəkil kimi fəaliyyət göstərməyi, insanlara gücü çatan qədər yaxşılıqlar etməyi arzulayır. 

Sonra 7 saylı Səbail seçki dairəsinə gəldim. Dairənin sədri Cahangir Məmmədov bildirdi ki, dairə üzrə 41 daimi və səsvermə gününə ən az 5 gün qalmış yaradılan 12 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Dairə üzrə seçkiləri 300 yerli müşahidəçi izləyir. Bundan başqa seçkiləri izləmək üçün çox sayda xarici müşahidəçilər paytaxtımıza təşrif buyurublar. 

C.Məmmədov sonda vurğuladı ki, gün ərzində seçkilərlə bağlı heç bir qanun pozuntusu qeydə alınmayıb. 

***

...Bura 23 saylı Səbail-Nəsimi seçki dairəsinin 13 saylı seçki məntəqəsidir. Saat 13.00-dır. Məntəqə Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin binasında yerləşir. 

Məntəqənin sədri Jalə Zeynalova səsvermə proseseinin təşkili ilə bağlı sualımızı cavablandırarkın dedi:

– Seçici fəallığı əladır. Səhər erkən saatlardan insanlar axın-axın gəlir. Siyahı üzrə 1445 nəfər seçicimiz var, 600 nəfərə qədər vətəndaş artıq səsvermədə iştirak edib. Seçkiyə gələnlər bayram əhval-ruhiyyəsindədir. Mən çox sayda seçkilərdə iştirak etmişəm. Bu qədər fəallıq, izdiham görməmişəm. Görürsünüzmü, seçicilər səsvermə otağına daxil olmaq üçün növbə gözləyirlər. 

Seçkini izləyən xarici ölkə xəbər kanallarının müxbirləri ilə də söhbət edib, onların seçki haqqında rəylərini öyrəndim. 

“TGRT Haber” kanalının müxbiri Merve Sibel Sili bildirdi: 

– İlk növbədə onu qeyd edim ki, Azərbaycanda prezident seçkilərinin keçirilməsi xəbərini sevinclə qarşıladım. Düşməndən azad edilən Qarabağda ilk dəfədir ki,  seçkilər keçirilir. Bu, Azərbaycanın gələcəyi üçün çox önəmlidir. Düşünürəm ki, orada yaşayan vətəndaşlar daha çox sevinirlər. 

Azərbaycanın torpaqları ilk dəfə olaraq işğaldan azad olunduqdan sonra seçicilərini qarşılayır. Bundan böyük sevinc yaşamaq olarmı? Mən bir türk olaraq bu Zəfər seçkisini sizinlə birgə izləyirəm və çox sevinirəm. 

Başqa bir media nümayəndəsi, “kanal 100”ün müxbiri Yunis Əmrə Demirkaya dedi:

– Dünəndən Bakıdayam. Bu gün səhərdən seçkini izləyirəm. 22 min vətəndaş Qarabağa – doğma yurdlarına qayıdıb. Onlar ilk dəfə olaraq səs verirlər. Bu, çox böyük hadisədir. Dünən MSK-nın brifinqində iştirak etdik. Seçkinin keçirilməsi ilə bağlı tam məlumat əldə etdik. Hər şey ən yüksək səviyyədə təşkil olunub. 

Məndə bir müxbir olaraq belə bir fikir yarandı ki, indiki dövlət rəhbəriniz daha çox səs qazanacaq. Çünki o, Qarabağ zəfərinin başında dayanıb. Xalq kimə səs verir? Biz də belə bir sualın cavabında deyirik ki, kim xalqa daha çox xidmət edirsə, onun səsi də çox olacaq. Şanslı namizəd xalqın sevgisini qazanandır! Mən belə düşünürəm. 

Böyük Quruluş Partiyasının üzvü, müşahidəçi Sənurə İsgəndərova öz təəssüratlarını bizimlə bölüşdü:

–13 saylı Səbail-Nəsimi seçki məntəqəsindəyəm. Seçicilər çox fəaldır. Torpaqlarımızın azad olunması hamını bir nəfər kimi bu seçkiyə gəlməyə ruhlandırır. Uşaq da, böyük də bu hadisəni bayram kimi qarşılayır. İnanın ki, bu yaşıma kimi belə bir yüksək fəallıq görməmişəm. Heç bir hüquq pozuntusu ilə qarşılaşmamışam.

Sonra, 23 saylı Səbail-Nəsimi seçki dairəsinin 12 saylı seçki məntəqəsinə yollanıram. Burada da seçicilərin fəallığını, xoş əhval-ruhiyyəsini görürəm. Məntəqənin sədri Aytən Baxşıyevadan öyrənirəm ki, bu məntəqədə 998 seçici var. 

Müstəqil müşahidəçi Arzu ­Qulamovanın da fikirləri maraqlı idi:

–Bilirsiniz, mən ilk dəfədir ki, belə bir izdihamlı seçkinin müşahidəçisiyəm. Bu gün müşahidələrim əsasında bir daha yəqin etdim ki, Azərbaycan multikultural, tolerant ölkədir. Çünki, burada müxtəlif xalqların nümayəndələrini gördüm. Dilindən, irqindən asılı olmayan bu vətəndaşlarımız seçkiyə gəlməklə onu sübut etdilər ki, onlar bu ölkədə rahat yaşayırlar. Mən onların üzündə ancaq təbəssüm gördüm. 

Nərimanov

19 saylı Nərimanov 1-ci seçki dairəsinə daxil olan seçki məntəqələrinin önündə əsl qələbəlik hökm sürürdü. Müşahidə apardığımız seçki məntəqələrində səsvermə prosesinin ilk saatları olmasına baxmayaraq, yüksək seçici fəallığı müşahidə olunurdu. Dairənin 26 saylı məntəqəsinin önündə isə əsl izdiham var idi. 

Burada seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri, eləcə də səsvermə prosesini yaxından izləyən yerli və beynəlxalq müşahidəçilər üçün hərtərəfli şərait yaradılmış, məntəqədə veb-kamera quraşdırılmışdı. Səsvermənin gedişində neqativ hallara yol verilməməsi üçün seçicilərin barmaqları gözlə görünməyən mürəkkəblə işarələnirdi. Öyrəndik ki, məntəqə üzrə qeydə alınmış 1485 seçicinin 545 nəfəri saat 12-dək məntəqəyə gələrək layiq bildiyi namizədə səs verib. 

Ümumilikdə isə, 19 saylı 1-ci Nərimanov seçki dairəsi üzrə 37 seçki məntəqəsi yaradılıb. Dairə üzrə seçici sayı 49 min 142 nəfər təşkil edir. Dairə seçki komissiyasının sədri Azad Nəbiyevin bildirdiyinə görə, səsvermə prosesinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilməsi üçün bütün məntəqələrdə zəruri şərait yaradılıb, texniki təchizat ən yüksək səviyyədədir. 11 məntəqədə isə veb-kamera quraşdırılıb. Dairə üzrə səsvermə prosesini izləmək üçün 699 yerli müşahidəçi qeydiyyatdan keçib. Bundan əlavə, səsvermə prosesinin ilk 3-4 saatı ərzində dairə seçki komissiyasına müraciət etmiş 8 nəfər beynəlxalq müşahidəçiyə seçkini izləmək üçün lazımi şərait yaradılıb. Komissiya sədri onu da bildirdi ki, dairə üzrə yaşı 100-ü ötmüş 2 nəfərin, eləcə də səhhətində problemləri olan seçicilərin səs vermələri üçün məntəqələr daşınan qutu ilə təchiz olunub. 

Saat 12-dək isə bu dairə üzrə 13 min 61 nəfər seçici səsvermədə iştirak edərək layiq bildiyi namizədə səs verib.

20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə səsvermənin azad, demokratik və şəffaf keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb, seçki məntəqələri zəruri texniki vasitələrlə, o cümlədən, mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib. Dairə seçki komissiyasının sədri Musa Musayev bildirdi ki, səhər 8:00-dan etibarən 3-ü qapalı olmaqla 39 seçki məntəqəsi öz qapılarını seçicilərin üzünə açıb. Dairə üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb. Ümumilikdə, həmin məntəqələr üzrə 49 min 717 seçici qeydə alınıb ki, onlardan da 3 nəfərinin yaşı 100-ü ötüb. 18 yaşı fevralın 7-də tamam olmuş 2 nəfər də seçki hüququndan istifadə edib. Bununla yanaşı, səhhətində problemləri olan seçicilərin səs vermələri üçün ərazidəki 7 klinikaya və 26 mənzilə daşınan qutu çatdırılıb. Onun dediyinə görə, səhər saat 10-dək dairə üzrə seçicilərin 6963 nəfəri səsvermə hüququndan istifadə edib. 

Məntəqələrdə seçki prosesini izləyən yerli və beynəlxalq müşahidəçilər üçün də hərtərəfli şərait yaradılıb. Komissiya sədrinin bildirdiyinə görə, dairənin tərkibində yaradılmış məntəqələr üzrə, ümumilikdə, 620 nəfərdən artıq müşahidəçi qeydiyyata alınıb. Bundan əlavə, səsvermə prosesinin ilk saatlarında ATƏT, MDB və digər ölkələrdən olan beynəlxalq müşahidəçilər də seçkinin gedişini izləmək üçün ayrı-ayrı məntəqələrə baş çəkiblər. 

Səsvermə prosesini müşahidə etmək üçün yaxınlıqdakı 18 saylı seçki məntəqəsinə baş çəkdik. Məntəqədə seçici fəallığı olduqca yüksək idi. Yaşından asılı olmayaraq hər kəsin çöhrəsində bir məmnunluq, ölkəmizin gələcəyinə böyük inam işartıları sezilirdi. Səsverməyə gələnlər arasında gənclərin daha çox olması diqqət çəkirdi.

Sabunçu 

Müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra keçirilən növbədənkənar prezident seçkilərində seçici kimi iştirak etmək hər bir azərbaycanlının şərəf borcudur. Mən də istisna deyiləm. Amma əvvəlki illərdə səsvermədə iştirak etmək ənənəmi bilərəkdən pozub bu dəfə səsvermədə iştirak edəcəyim məntəqəyə bir qədər gec – saat 10:30-da getdim. Bunun iki səbəbi vardı. 

Əvvəla, həmişə ailəlikcə səs verdiyimiz 26 saylı Sabunçu I seçki dairəsinin 35 saylı məntəqəsində səhər tezdən qələbəlik olur deyə, vaxtıma qənaət etmək istədim. İkincisi, sadəcə, özüm üçün monitorinq keçirirdim, görəm, səsvermənin ilk saatlarında daim müşahidə etdiyim seçici fəallığı saat 10–11 arasında da qalırmı? 

Bu düşüncələr içində evdən çox da uzaq olmayan 35 saylı seçki məntəqəsinin yerləşdiyi 12 saylı texniki peşə liseyinə yollandım. Diqqətçəkən ilk məqam təbiətin göstərdiyi möcüzə idi. İnanmaq olmurdu ki, qışın bu oğlan çağında Bakıda belə hava olar. Sanki təbiət də bu günün müstəqil Azərbaycanın taleyində mühüm bir hadisə olduğunu duyub, paytaxta bir yaz havası hədiyyə etmişdi.

Seçkilərlə əlaqədar rəsmən istirahət günü elan edilsə də marşrut avtobusunda sıxlıq idi. Düşündüm, yəqin insanlar dükan-bazara tələsir. Amma seçki məntəqəsinin qarşısındakı dayanacaqda salondakı insanların əksəriyyəti avtobusdan düşdü. Yox, deyəsən yanılmamışdım, onlar da məntəqəyə sarı gedirdilər. Hər birinin çöhrəsində təbəssüm və sevinc vardı. Ünvan həmişəki ünvan, elə qarşısındakı qələbəlik də əvvəlki qələbəlik idi. 

Saat 11-ə 5 dəqiqə qalmış lazımi prosedurları keçib bülletenimi aldım və səsvermə kabinəsınə daxil olub suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş müstəqil Azərbaycanı bundan sonra idarə etmək qüdrətində olan namizədimə səs verdim. Yalnız bundan sonra məntəqənin sədri Cavanşir Orucova yaxınlaşıb özümü təqdim etdim və elə onun iştirakı ilə bu məntəqədə seçki prosesini izləyən jurnalist kimi qeydiyyatdan keçdim. 

Səmimi deyim ki, aktivlik bundan əvvəlki bütün seçkilərdən müsbət mənada seçilirdi. Daha çox diqqət çəkən səsverməyə gələn gənclərin çoxluğu idi. Görünür ölkənin taleyi onlar üçün daha çox əhəmiyyət kəsb etdiyindən bu prosesdə heç bir təbəqədən geri qalmaq istəmirdilər. Amma insafən ahıl və yaşlı nəslin nümayəndələri, xüsusilə qadınlar da kifayət qədər aktiv görünürdülər. Seçicilərin çoxluğu səbəbindən məntəqənin bütün üzvləri fəal şəkildə onların xidmətində idilər. Masaya yaxınlaşan vətəndaşın əvvəlcə barmağı xüsusi cihazla yoxlanır, təkrar səs vermədiyi aydınlaşandan sonra barmağına gözlə görünməyən xüsusi boya vurulur, şəxsiyyət vəsiqəsindəki məlumatlarla seçici siyahısındakı məlumatlar dəqiqləşdirilir, yalnız bundan sonra vətəndaş siyahıda adının qarşısında imzasını qoyub büllütenini alır və səsvermə kabinəsınə keçib səs verirdi. 

Təbii ki, bütün bu proseslər bir qədər kənarda oturmuş müxtəlif partiya və ictimai təşkilatların 10-a yaxın müşahidəçisinin nəzarəti altında həyata keçirilirdi. 

35 saylı məntəqənin sədri Cavanşır Orucov vaxt tapan kimi “Xalq qəzeti”nə qısaca bunları söyləyir: 

– Məntəqəmiz bütün kampaniyalarda seçici aktivliyi ilə həmişə diqqət çəkib. Bu seçkilərdə isə ərazidəki vətəndaşlarımız gözlədiyimizdən daha fəaldırlar. Bu da onu göstərir ki, insanlar bu seçkinin ictimai-siyasi həyatımızda və Azərbaycanın sosial-iqtisadi inkişafında daha mühüm rol oynayacağını dərindən başa düşürlər. 

Saat 11:00-a olan hesablamalarımıza görə məntəqəmizdə 1319 seçicidən, təqribən, 300 nəfəri artıq səsvermədə iştirak edib. Amma gördüyünüz kimi aktivlik davam edir, insanlar dəstə-dəstə məntəqəyə gəlirlər. Sıxlıq olmasın deyə, məntəqənin bütün üzvləri fəal işləyirlər. Çalışırıq ki, insanlar növbədə durub vaxt itirməsinlər. Yaşlı nəslin nümayəndələri də bu gün çox fəal görünürlər. Daha yaşlı seçicilərimizə çalışırıq ilk növbədə xidmət edib yola salaq. 

Saat 14:30-a qədər prosesi canlı izləməli oluram. Fəallıq davam etməkdədir. Seçicilər kiçik dəstələrlə öz aralarında nəyisə müzakirə edir, deyib-gülür və xoş əhval-ruhiyyə ilə seçki məntəqəsinə gəlib səsvermədə iştirak edirlər. Məntəqədən böyük əminliklə ayrılıram, çünki müstəqilliyin gətirdiyi vətəndaş məsuliyyətindən irəli gələn seçici fəllığı artıq tariximizin reallığına çevrilib.

*** 

Dünən Bakının Sabunçu rayonunda da növbədənkənar prezident seçkiləri demokratik, azad və sərbəst şəkildə keçirildi. Rayondakı dairə və məntəqə seçki komissiyalarının ərazisində apardığımız müşahidələrdən məlum oldu ki, seçicilər mütəşəkkil qaydada gələrək 7 namizəddən birinə səs verdilər.

Rayondakı 27 saylı Sabunçu İkinci Seçki Dairəsinin 37-ci seçki məntəqəsinin sədri Azad Qədirov bizi səsvermə prosesi, məntəqə komissiyasının üzvləri, eləcə də müxtəlif partiya və ictimai təşkilatları təmsil edən müşahidəçilərlə tanış etdi.

Məntəqə komissiyasının katibləri Nəsib Hüseynov və Hidayət Hüseynovla söhbətdən öyrəndik ki, məntəqə səhər saat 8-də qanunvericiliyin tələblərinə uyğun olaraq açılıb, qutular komissiya üzvlərinin və müşahidəçilərin iştirakı ilə möhürlənib, qutuların şəffaflığı, səsvermə kabinələrinin seçkiyə tam hazırlığı hamıya göstərilib.

Katib Nəsib Hüseynov bildirdi ki, məntəqənin ərazisində, ümumilikdə, 1090 nəfər seçici qeydə alınıb:

– Günortaya yaxın, saat 12-yə olan məlumata görə, artıq 367 nəfər seçici prosedurlara uyğun olaraq, səs verib. Seçicilərin fəallığından da razıyıq. İnanırıq günün sonuna qədər sesicilərimiz bu mühüm dövlət tədbirində fəal iştirak edəcəklər. Bu seçki xüsusilə ona görə əlamətdardır ki, Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keçirilir. Bu, seçicilərin məntəqələrə axınına stimul verir. 

Müşahidələrimizdən o da məlum oldu ki, növbə ilə məntəqə komissiyasına yaxınlaşan hər bir seçicinin barmağı şəffaf mürəkkəblə rənglənir və ona yalnız bundan sonra seçki bülleteni verilir. 

Məntəqədə xeyli müşahidəçinin səsvermənin gedişini izlədiyi də diqqətimizdən yayınmadı. Onlardan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təmsilçisi Arzu Həsənova səhər saatlarından etibarən məntəqədə səsvermənin gedişini izlədiklərini, seçici fəallığının normal olduğunu, saat 12-yə qədər səsvermənin gedişində heç bir nöqsan qeydə alınmadığını, qanun pozuntusuna yol verilmədiyini bildirdi.

Həmin dairənin Sabunçu qəsəbəsindəki 24 saylı məntəqəsində də çoxlu seçici toplaşdığnı gördük. İnsanlar növbə ilə səsvermə otağına buraxılırdılar. Elə kənardan baxanda da seçicilərin seçkidə xüsusi fəallıqlarını müşahidə etmək mümkün idi. 

Gənc seçici Elçin Qəhrəmanov isə bizə yaxınlaşaraq bildirdi: 

– Qəsəbəmizin sakini olan seçicilər budəfəki seçkiyə böyük ruh yüksəkliyi və mütəşəkkilliklə gəliblər. Bu da səbəbsiz deyil. Çünki artıq uzun illər işğal altında qalmış torpaqlarımız azad edilib və həmin ərazilərdə, o cümlədən, Şuşada, Xankəndidə seçki keçirilir. Belə bir vaxtda heç kim seçkidən kənarda qalmaq istəmir. 

Yasamal 

Səhər saat 8:00-dan Yasamal rayonundakı üç seçki dairəsinin əhatəsində olan seçki məntəqələri qapılarını seçicilərin üzünə açdı. Sanki axşamdan bəri seçki məntəqəsinin qapısının açılmasını gözləyənlər var imiş. Bir neçə dəqiqə sonra seçicilərin axını başlandı. Mən də səs vermək üçün səhər tezdən 17 saylı III Yasamal seçki dairəsinin 8 saylı seçki məntəqəsinə getdim. Seçicilərin və müşahidəçilərin yaşlı bir kişinin başına toplaşdığını görüb oraya yaxınlaşdım. Öyrəndim ki, səsverməyə gələn 96 yaşlı seçici Nəcəf Mustafayevdir. 

Məntəqə sədri Mehparə Babayeva dedi ki, dəqiqləşdirilmiş seçici siyahısında 1239 nəfərin adı var. Gördüyünüz kimi, seçki məntəqəsinin qarşısında növbə var. Hamı səsvermədə iştirak etmək istəyir. Nəcəf baba ən yaşlı seçicimizdir. Fikirləşdik ki, yaşadığı ünvana daşınan səsvermə qutusu apararıq. Ancaq təkidlə dedi ki, səsverməyə özü gələcək. Elə də oldu. Hamıdan tez gələnlərdən biri də odur. Seçki kabinəsinə daxil olub istədiyi namizədə sərbəst səs verdi. 

Seçki məntəqəsində müşahidəçilər üçün ayrılmış münasiib yerdə Böyük Quruluş, Yeni Azərbaycan və Böyük Azərbaycan partiyalarının təmsilçiləri və öz təşəbbüsləri ilə seçki prosesini izləyənlərə yaxınlaşıram. Müşahidə ­zamanı hansısa qanun pozuntusu, mübahisə və digər xoşagəlməz halların baş verib verməməsinin şahidi olmaları ilə maraqlanıram. Müşahidəçilər bildirirlər ki, seçki başlanandan elə bir xoşagəlməz hadisə baş verməyib. Seçici fəallığı müşahidə olunur. Bəzi hallarda səsvermə zamanı çox sayda seçicinin növbəyə dayandığının şahidi olmuşuq. 

Məntəqə sədri dedi ki, Macarıstandan, MDB-dən və Birləşmiş Ərəb Əmirlikləri parlamentindən gəlmiş beynəlxalq müşahidəçilər də seçicilərin səs vermək üçün növbəyə dayandıqlarının şahidi oldular. M.Babyeva saat 2-yə qədər 600 nəfərdən çox seçicinin səs verdiyini dedi. Seçicilərin isə ardı-arası kəsilmirdi.

12 saylı seçki məntəqəsində də seçicilərin mütəşəkkilliyi özünü büruzə verirdi. Kənardan müşahidəmiz zamanı seçicilərlə komissiya üzvləri arasında hər hansı mübahisənin şahidi olmadıq. Komissiya sədri Bəsti Ağayeva dedi ki, seçici siyahısında 1261 nəfərin adı var. Onların arasında 11 nəfər ilk dəfə səs verəcək. Komissiya üzvləri seçkiyə hazırlıq prosesi zamanı onlarla maarifləndirici söhbətlər aparmışdı. “Aşağı seçki komissiya üzvləri üçün MSK tərəfindən təşkil olunmuş maarifləndirici proqram, xüsusilə treninqlərdə öyrəndiklərimiz bu gün karımıza gəlir. Biz həmin təlimlərdə bilik və vərdişlərimizi daha da təkmilləşdirdik. Ona görə də bu gün elə bir ciddi problemlə üzləşmirik. Seçiciləri maraqlandıran bəzi məsələlər yerindəcə öz həllini tapır”.

Məntəqəyə daxil olan seçicilərin, ilk növbədə, baş barmaqları bənövşəyi lampalarla yoxlanılırdı. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də seçicilərin barmaqları gözlə görünməyən mürəkkəblə işarələnirdi. Bu, bir seçicinin təkrar səs verməsinin qarşısını almaq məqsədilə edilirdi. Məntəqədə seçki prosesini izləyən beynəlxalq müşahidəçilər də barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsini yüksək dəyərləndirdilər. 

13 saylı seçki məntəqəsinin sədri Telman Məmmədovla söhbətdən öyrəndik ki, burada 1204 seçiicinin səs verməsi nəzərdə tutlub. Məntəqəyə daxil olanlar adlarını seçici siyahısında tapdıqdan sonra komissiya üzvlərinə yaxınlaşırdılar. Bəzi seçicilər isə onlara verilmiş bildirişləri də özləri ilə gətirmişdilər. Belə seçicilərin adlarını seçici siyahısında axtarmalarına ehtiyac yox idi. Məntəqəyə gəlmiş beynəlxalq müşahidəçilər hər hansı qanun pozuntusunun şahidi olmadılar. 

Seçki məntəqəsinin sədri bildirdi ki, artıq seçicilərin 65 faizi səsvermədə iştirak edib. Seçicilərin mütəşəkkilliyi prezident seçkilərinə böyük maraq göstərildiyindən xəbər verir. Axı, bu, həm də Zəfər seçkisidir. Hər kəs bu seçkidə iştirak etməyi özünə borc bilir.

Baş çəkdiyimiz digər seçki məntəqələrində də seçicilərin böyük həvəslə səsverməyə gəldiklərinin şahidi olduq. Onlar da Zəfər seçkisində hər kəsin səsvermədə iştirakının vacibliyini bildirdilər. 

17 saylı III Yasamal seçki dairəsi dairə seçki komissiyasının sədri Qədir Kərimov bildirdi ki, bütün seçki məntəqələrində vəziyyət belədir. Hər kəs səsvermədə iştirak etmək istəyir. Hətta, əlil arabasında səsverməyə gələnlər də var. Seçki məntəqələrinə əlil arabasında gələnlər üçün panduslar quraşdırılıb. Hətta bəzi yaşlı seçicilərin səsvermədə şəxsən iştirak etmək arzusunu nəzərə alıb onların avtomobillə gəlmələrini təmin etmişik. Çalışmışıq ki, hər kəs səsvermə hüququndan istifadə edə bilsin.

Binəqədi 

Fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü Bakının Binəqədi rayonundakı seçki məntəqələrində də əhalinin yüksək fəallığı müşahidə olunurdu. 

Binəqədi  8 saylı I seçki dairəsinin 4 saylı məntəqəsində səsverməni izləyərkən, məkanda lazımi  şəraitin yaradıldığını, bütün zəruri avadanlıqlarla təmin olunduğunu, veb-kamera quraşdırıldığını müşahidə etdik. Öyrəndik ki, məntəqədə səs vermək üçün ərazidən 1163 seçici qeydə alınıb. Səsvermədə iştirak edən seçicilərdən 18 nəfərinin yaşı 80-dən yuxarı, ilk dəfə səs verənlərin sayı 3-dür. Səs vermək üçün seçki məntəqəsinə gəlməyə imkanı olmayan 15 seçici yaşadığı evdə səs verəcək. Müşahidəçilərə yaxınlaşıb səsvermənin gedişi, seçiciyə kənar müdaxilənin olub-olmaması ilə bağlı fikirlərini öyrəndik.

Məşvərətçi səs hüquqlu müşahidəçi Dilbər Səmədovadan seçkinin gedişinə kənar təsirin olub-olmadığını soruşduq. O dedi:

– Seçki yüksək səviyyədə təşkil olunub. Seçki qanunvericiliyinə və Seçki Məcəlləsinə uyğun keçirilir. Bugünkü seçki mütəşəkkilliyi və şəffaflığı ilə yadda qalacaq. Veb-kamera vasitəsi ilə dünyanın istənilən ölkəsindən məntəqəni izləmək mümkündür.  Belə olan halda hansı qanun pozuntusundan, seçiciyə təsirdən danışmaq olar? Hər kəs kabinədə istədiyi namizədə səs verir. Seçkini izləyən müxtəlif partiyaların təmsilçiləri də aydın görürlər ki, seçicilər sərbəst səs verirlər. Onlara yaxınlaşan, seçimlərinə müdaxilə edən yoxdur. 

Məntəqə seçki komissiyasının sədri Fəridə Yunusova:

– Gördüyünüz kimi, seçkidə qələbəlikdir, dəhlizdə növbə gözləyənlər var,– dedi. – Bu seçki əvvəlkilərdən fərqlənir. Çünki böyük Zəfərdən sonra keçirilən ilk seçkidir. Azad edilmiş torpaqlarımızdakı bu təntənə qəlbimizi fərəh hissi ilə doldurur. Artıq seçicilərdə səsvermə fəallığı əvvəlki illərə nisbətən daha da formalaşıb. Növbəlilik qaydasında şəxsiyyət vəsiqələrini və ünvanlarına gələn bildirişləri təqdim etməklə bülletenlərini götürüb kabinələrdə istədikləri namizədə səs verirlər. Seçki prosesini müxtəlif partiyaların, prezidentliyə namizədlərin, QHT-lərin təmsilçiləri olan 10 müşahidəçi izləyir. Seçki gününə qədər seçici siyahısında dəyişikliklər edilib, dəqiqləşdirmələr aparılıb. Başqa məntəqələrdə səs verəcək seçicilər çıxarış alıblar və onların adları siyahıdan çıxarılıb. Bundan başqa, ötən seçkidən sonra dünyasını dəyişənlərin adları siyahıdan silinib. 2003–2006-cı ildə doğulan, ilk dəfə səsvermədə iştirak edən gənclərin adı siyahıya salınıb. Gördüyünüz kimi seçicilər sərbəst şəkildə öz mövqelərini bildirirlər.

Müşahidəçilərdən – BAXCP-nin təmsilçisi, “Psixoloji Xidmət” Tədqiqatlar Mərkəzinin nümayəndəsi Səriyyə İsmayılova, “Sivil toplum” 3 QHT Birliyini təmsil edən Mahir Şirvanov, prezidentliyə namizəd Zahid Orucun nümayəndəsi Günay Əlizadə səhər saatlarından məntəqədə olduqlarını, səsvermə prosesini izlədiklərini, heç bir qanun pozuntusunun olmadığını bildirdilər.   

***

Qeyd edək ki, rayon ərazisində 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü, 11 saylı Binəqədi-Qaradağ, 21 saylı Nəsimi-Binəqədi seçki dairələrinin dairə seçki komissiyaları fəaliyyət göstərir. 

Rayonda fəaliyyət göstərən 10 saylı Binəqədi üçüncü seçki dairəsinin seçki məntəqələrində vətəndaşların izdihamı müşahidə edilirdi. Binəqədi qəsəbəsindəki 35 nömrəli şəhər poliklinikasında yerləşən 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 26 saylı seçki məntəqəsinin sədri Emin Dadaşzadə bildirdi ki, burada seçkilərin demokratik, azad keçirilməsi üçün bütün imkanlardan istifadə olunub. Builki seçkilərdə dəqiqləşdirilmiş seçici siyahsına görə 1434 seçicinin səs verməsi nəzərdə tutulub. Seçkilərə hazırlıq dövründə prosesin şəffaf keçirilməsi üçün seçki məntəqəsi lazım olan bütün ləvazimatlarla təmin edilib. Barmaqların gözlə görünməyən mürəkkəb balonlarından tutmuş bənövşəyi lampalar, daşınan və daşınmaz seçki qutuları, metodiki vəsaitlər, yaddaş kitabçaları, əyani vəsaitlər və digər zəruri ləvazimatlara qədər hamısı seçki məntəqəsinə vaxtında çatdırılıb.

Qeyd edək ki, seçici siyahıları məntəqənin münasib yerindən asılıb. Seşki məntəqəsinin yaxınlığında quraşdırılmış dəmir lövhədə prezidentliyə namizədlərin təşviqat aparmaları üçün bərabər səviyyədə yer ayrılıb. Bu, indiyədək seçkilərdə iştirak edən istər vətəndaşlarımız, istərsə də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. 

Seçki prosesinin 6 müşahidəçi tərəfindən izlənildiyini qeyd edən məntəqə sədri vurğuladı ki, səsvermə zamanı hər hansı neqativ hal qeydə alınmayıb. Səhər saatlarından başlayaraq seçici fəallığı müşahidə olunub. Məntəqədə fiziki qüsurlu seçicilər üçün yaradılan şərait də razılıqla qarşılanıb. Seçki prosesində hər hansı bir çatışmazlıq qeydə alınmayıb. 

Nazim Nəbiyev, neft mühəndisi:

– Artıq beynəlxalq aləmin də respublikamızda demokratik, azad, mütəşəkkil surətdə keçirilən seçkilərdən məlumatı var. Bax, elə buna görə də indiyədək yersiz, əhəmiyyətsiz bəhanələrlə ölkəmizə qarşı təhdid və təzyiq vasitələrindən istifadə edən bir sıra dövlətlər bundan sonra Azərbaycanı, xalqımızı mövqeyindən döndərə bilməyəcək. 

Adıgözəl Şükürov, elektrik mühəndisi: 

– Yaşadığımız bu dövrün irəli sürdüyü çağırışlar növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən ən mühüm səbəbdir. Xalqımız, şübhəsiz ki, qarşıdakı qlobal və mühüm regional problemlərini ən mükəmməl səviyyədə həll edə biləcək namizədə səs verəcək. Bu seçkilər ölkəmizin ərazi bütövlüyü şəraitində keçirilən ilk seçki olaraq tarixə yazılır. 

Seçki məntəqələrində səhər saatlarından böyük seçici aktivliyi müşahidə olunur. Əhalinin seçkidə fəal iştirakına şahid oluram. Seçkilərin tam demokratik və şəffaf keçdiyini əminliklə deyə bilərəm.

Səhifəni hazırladılar:
Tahir AYDINOĞLU,
İlqar RÜSTƏMOV,  
Məsaim ABDULLAYEV ,
Vaqif BİNYATOĞLU ,
Mirbağır YAQUBZADƏ,
Paşa ƏMİRCANOV, 
Zərifə HÜSEYNOVA, 
Əliqismət BƏDƏLOV,
Kəmalə Abdinova, 
Səxavət HƏMİD
XQ

 



















Son xəbərlər