Kanadadakı diaspor təşkilatının nümayəndəsi: “Seçkilərə getməklə biz böyük Qələbəmizin nailiyyətlərini yaşatmalıyıq”

post-img

“Əlamətdar haldır ki, ölkəmizdə prezident seçkiləri müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasından sonra ilk dəfədir ki, keçirilir. Güclü xarici siyasətimiz və qüdrətli ordumuz Azərbaycanı bütün dünyaya tanıtdı. Bu böyük Qələbənin nailiyyətlərini yaşatmalıyıq”. Bunu secki-2024.az saytına açıqlamasında Kanadanın Toronto şəhər Təhsil Mərkəzinin Xarici dillər bölməsinin Azərbaycan dili sinfinin rəhbəri və müəllimi Yeganə Cəfərova bildirib.

O bildirib ki, bir ölkənin qüdrəti onun sərhədlərinin əzmlə qorunmasından və bunun üçün çox mübariz ordusunun olmasından asılıdır: “Torpaqlarımız işğaldan azad edilib, suverenliyimiz tam bərpa olunub. Qarabağımızın və ətraf ərazilərin minalardan təmizlənməsi davam edir. Həmçinin yurd-yuvasından illərdir didərgin düşmüş insanlar artıq həsrətində olduğu torpaqlarına qayıdırlar. Azad olunmuş torpaqlarda yenidənqurma işləri yüksək sürətlə davam edir. Bütün bunları xaricdən izləmək çox qürurvericidir. İndi xaricdə əcnəbilər haralı olduğumuzu biləndə Azərbaycana getmək arzusunda olduqlarını həvəslə bildirirlər”.

O əlavə edib ki, xaricdə yaşayan azərbaycanlı kimi ölkəmizin dövlət siyasətini rəhbər tutaraq illərdir Azərbaycan həqiqətlərini çatdırmaqla, dilimizi gələcək nəsillərə öyrədir. O, Dünya Azərbaycanlılarının V Qurultayında qarşıya qoyulan məqsədləri rəhbər tutaraq Vətənə olan borcunu yerinə yetirir. Diaspor təşkilatının nümayəndəsi qarşıdan gələn seçkilərə də böyük ümid bəsləyir və hesab edir ki, Azərbaycanın gələcək inkişafı da bu seçkilərin nəticəsindən asılıdır.

Son xəbərlər