XİN: şərhlər, bəyanatlar

post-img

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür. Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Terror hücumu nəticəsində səfirliyin bir əməkdaşı həlak olmuş, digər iki əməl­daşı isə müxtəlif bədən xəsarətləri ala­raq ağır yaralanmışdır. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə ya­ranmış ciddi risk vəziyyəti nəzərə alı­naraq, səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilmişdir.

Səfirliyə qarşı törədilmiş terror aktı fonunda akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təh­lükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməmişdir. Terror aktından sonra bir çox dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq münasibətlərdə diplomatik missiyalara hücumun qəbu­ledilməz olduğu, terror aktının qətiyyətlə pisləndiyi bəyanatlarla çıxış etmişlər.

Terror hücumu ilə bağlı Azərbaycan­la İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olan­ların ən ağır şəkildə cəzalandırılması, səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qu­rumları arasında mütəmadi təmaslar da­vam etdirilmiş, Azərbaycan tərəfinin göz­ləntiləri qarşı tərəfə çatdırılmışdır. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparıl­mış prosesdən sonra terror aktını törə­dən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir.

Səfirliyə qarşı törədilmiş terror ak­tının birinci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların öz layiqli cəzalarına çat­maları və gələcəkdə bu qəbildən əməllə­rin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addım­ların atılacağını gözləyirik”.

***

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Kral­lığının xarici işlər naziri Hanke Bru­ins Slotun parlamentdə səsləndirdiyi fikirlərlə bağlı yerli medianın sualını cavablandırıb. 

XİN-in mətbuat katibi bildirib ki, Ni­derland rəsmisi parlament nümayən­dələrinin sorğusuna cavab olaraq növ­bəti dəfə ittihamedici açıqlama verərək, Azərbaycan tərəfinin bəyanatlarını açıq-aşkar təhrif edib. Avropa ölkələrinin rəsmiləri tərəfindən belə məsuliyyətsiz fikirlərin səsləndirilməsi ilk dəfə deyil. Bu açıqlamalar Azərbaycanın daxili işlə­rinə qarışmaq cəhdləri olmaqla yanaşı, bölgəmizdə postmünaqişə reallıqlarına qərəzli yanaşmanın nümunələridir.

“Belə bəyanatlar, eləcə də Azər­baycana qarşı sanksiya tətbiq edilməsi barədə hədələyici fikirlər ikitərəfli müna­sibətlərə və Azərbaycan-Avropa İttifaqı əlaqələrinə zərbədir.

Niderlandın xarici işlər nazirinin ölkə­mizə səfər niyyətinə gəldikdə qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfin­dən təxirə salındığı məlumdur. Azərbay­can tərəfi səfər zamanı Azərbaycan-Er­mənistan normallaşma prosesinin və ya ölkəmizin daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib.

Niderland tərəfini bölgənin bey­nəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına maneçilik törədən belə bəyanatlara son qoymağa çağırırıq”. 

XQ

Son xəbərlər