İrəvandan növbəti anti-Rusiya addımı

post-img

Ermənistan ərazisində ABŞ-ın daha bir biolaboratoriyasının açılması təsadüfi deyil

Rusiya ilə strateji tərəfdaş olmasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanan hərbi-siyasi blokda və regional iqtisadi inteqrasiyanı nəzərdə tutan Avrasiya İqtisadi İttifaqında Moskva ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistan ABŞ-la əlaqələri də durmadan inkişaf etdirir. 

Xüsusilə, 2023-cü il Ermənistanın ABŞ, NATO və bütövlükdə Qərblə hərbi-siyasi əlaqələrinin üst səviy­yəyə qalxması ilə əlamətdar oldu. İlk dəfə məhz 2023-cü ildə, sentyabrın 11-dən 19-dək Ermənistan sülhmə­ramlı briqadasının “Zar” təlim mərkə­zində “Qartal tərəfdaşı – 2023” adlı erməni-amerikan birgə hərbi təlimlər keçirildi. Manevrlərdə 85 amerikalı və 175 erməni hərbi qulluqçusu iştirak etdi. Təlimin gedişini ABŞ Quru Qo­şunlarının Avropa və Afrika üzrə Baş Qərargah rəisinin müavini, briqada generalı Patrik Ellis və 10-cu dağ di­viziyasının komandiri, general-mayor Qreqori Anderson müşahidə etdilər.

Bugünlərdə Ermənistanın ABŞ-la hərbi sahədə əməkdaşlığına dair daha bir hadisə baş verib. Ha­yastanın “Past” qəzetinin yazdığına görə, ölkədə Amerikaya məxsus daha bir bioloji laboratoriya açılacaq. Qeyd olunur ki, Ermənistandakı Amerika bi­oloji laboratoriyaları məsələsi həmişə peşəkar dairələrin diqqət mərkəzin­də olub. Xüsusilə, müxtəlif ekspert­lər onların potensial təhlükələri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Qəzet yazır: “Müvafiq strukturların nümayəndələri söhbətin keçmiş sa­nitar-epidemioloji stansiyaların labo­ratoriyalarından getdiyini və onların Vaşinqtonun maliyyəsi ilə modernləş­dirildiyini qeyd edirlər. Nikol Paşinyan isə əmin edir ki, bioloji laboratoriyaların modernləşdirilməsi üçün ABŞ-ın ma­liyyə dəstəyinə baxmayaraq, onlar Er­mənistan Respublikasının mülkiyyəti­dir. Ancaq bu açıqlamalar narahatlığı azaltmır. İndi də müdafiə naziri Suren Papikyanın ötən həftə Pentaqonla Ermənistanda 13-cü laboratoriyanın açılması ilə bağlı müqavilə imzaladığı barədə məlumatlar yayılıb”.

Qəzet yazır ki, üstəlik, müxtəlif mən­bələrin verdiyi məlumata görə, yeni bioloji laboratoriya Gümrüdə, Rusiya hərbi bazasının bilavasitə yaxınlığın­da yerləşəcək: “Yeri gəlmişkən, onu da qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən laboratoriyalardan daha biri Gümrüdə, məktəbdən bir qədər aralıda yerləşir. Biolaboratoriyaların necə adlan­dırılmasından asılı olmayaraq, onların patogenlərlə işlədiyini, yəni bioloji faktor­lu laboratoriyalar olduğunu nəzərə alan mütəxəssislər müxtəlif patogenlərin ya­radılması, modifikasiyası və ya yayılma­sının mümkünlüyündən narahat olduqla­rını bildirirlər”.

Ermənistan mediası yazır ki, eyni narahatlıq təhlükəli xəstəliklərin yayıl­ması ilə də bağlıdır: “Yeri gəlmişkən, bu fonda bir çox ekspertlər 2023-cü ildə Ermənistanda qızılcaya yoluxma halları­nın laboratoriyada təsdiqlənmiş ümumi sayının 545-ə çatdığına diqqət çəkirlər. 2024-cü ildə isə 32 qızılcaya yoluxma halı təsdiqlənib, 16 nəfər xəstəxanaya yerləşdirilib. Üstəlik, səhiyyə sahəsi üzrə mütəxəssislər bu göstəricilərlə yanaşı, hətta mövsümi qrip və ya mədə-bağır­saq xəstəliklərini də insanların ağır ke­çirdiyindən narahat olduqlarını bildirirlər. Bu halların bioloji laboratoriyalara nə dərəcədə aid olduğunu söyləmək çətin­dir, lakin ekspertlər əhalinin məskunlaş­dığı ərazilərdə müxtəlif eksperimentlərin aparılmasının mümkünlüyünü istisna etmirlər”.

Erməni ekspertlər ölkədə yerləşən ABŞ biolaboratoriyalarının sayının ar­tırılmasını Nikol Paşinyan iqtidarının Qərbpərəst mahiyyətindən irəli gəldiyini bildirirlər. Onlar bunu Ermənistanın müt­təfiqi Rusiyaya, necə deyərlər, arxadan vurulan zərbə kimi qiymətləndirirlər. “Xalqın səsi” ictimai klubunun eksper­ti Arman Qukasyan bildirib ki, Ermə­nistanda 12 ABŞ biolaboratoriyasının mövcudluğu adi məsələ deyil. Onun sözlərinə görə, Rusiya hökumətinin nü­mayəndələri dəfələrlə bəyan ediblər ki, bu laboratoriyalar bioloji sferada dərin maraqlar güdür və amerikalıların əlin­də hərbi alətdir: “2010-cu ildə Ukrayna, Gürcüstan, Moldova, Qazaxıstan, Öz­bəkistan və Ermənistanda ABŞ-ın bioloji laboratoriyalarının açılmasına başlandı. Amerika tərəfi iddia edir ki, bu qurum­ların məqsədi kənd təsərrüfatı heyvan­larının sağlamlığını təmin etmək, təmir işlərini maliyyələşdirmək və hökumətin insan sağlamlığına mümkün təhlükələrə ictimai monitorinq aparmaq imkanlarını gücləndirən ən müasir laboratoriyalar yaratmaqdır. Lakin biolaboratoriyalar o qədər də sadə deyil. Onların ikili funksi­ya daşıdığı məlumdur. Birincisi, biolabo­ratoriyalar ABŞ Müdafiə Nazirliyi tərəfin­dən maliyyələşdirilir və fəaliyyətləri son dərəcə məxfi saxlanılır. Bu isə həmin müəssisələrin bioloji silah hazırladığına dair fikirlərin meydana çıxmasına səbəb olub. Onların maliyyələşməsi üçün ayrı­lan məbləğ milyonlarla ABŞ dollarına ça­tır. Amerikalılar Ukraynada bu məqsədlə 200 milyon dollar (Ukraynada bioloji la­boratoriyaların sayı 30 vahiddən çox­dur), Gürcüstanda 150 milyon dollardan, Qazaxıstanda isə 130 milyon dollardan çox xərcləyiblər”.

Qukasyan diqqəti kiçik Ermənistan üçün 12 biolaboratoriyanın çox olduğu­na yönəldib. Deyib ki, ABŞ-ın maliyyə dəstəyi ilə yaradılmış biolaboratoriyalar respublikanın bütün vilayətlərində (hay­lar “marz” deyir–S.H.) fəaliyyət göstərir. Bunlardan üçü İrəvandadır: “Onların nə işlə məşğul olduğunu öyrənmək cəh­di “dəmir” arqumentlə qarşılaşır: “bun­lar strateji əhəmiyyət kəsb edən qapalı obyektlərdir”. Eyni zamanda, “qəribə təsadüf nəticəsində” həmin strateji əhə­miyyətli obyektlər yaşayış massivlərinin yaxınlığında yerləşir. Məsələn, Gümrü­də referens-laboratoriya məktəbin düz yanındadır. Biz bu qənaətə gəlmişik ki, Ermənistan ictimaiyyətindən diqqətlə gizlədilən laboratoriyalarda iş aparılır. Onlar əhalinin sıx məskunlaşdığı yerlər­də, eləcə də uşaq bağçalarının və uşaq meydançalarının yaxınlığında yerləşirlər ki, bu da belə obyektlərin yerləşdirilməsi qaydalarına tamamilə ziddir”.

Qeyd edək ki, Rusiya tərəfi ABŞ-ın postsovet məkanında yerləşən biola­boratoriyalarından duyduğu narahatlığı dəfələrlə dilə gətirib. Ölkənin xarici işlər naziri Sergey Lavrov bir müddət öncə “RT Arabic”ə müsahibəsində demişdi ki, ABŞ tərəfindən maliyyələşdirilən biola­boratoriyalar Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində yerləşir, Moskva bu problemi qonşuları ilə həm ikitərəfli, həm də KTMT vasitəsilə mü­zakirə edir: “Demək olar ki, bütün KTMT ölkələri və digər MDB ölkələri ilə bioloji təhlükəsizlik üzrə əməkdaşlıq memoran­dumları ya imzalanıb, ya da imzalanmaq üzrədir. Memorandumlar həmin ölkələrlə bioloji proqramların necə inkişaf etdiyi barədə qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutur”.

S.Lavrov qeyd etmişdi ki, şəffaflıq bu proqramların hərbi ölçüyə malik olma­ması üçün vacibdir, çünki bu, Bioloji və toksin silahların qadağan olunması üzrə Konvensiya ilə qadağandır: “Bu memo­randumlar qarşılıqlı səfərləri və laborato­riyaların fəaliyyəti ilə tanışlığı tələb edir. Bundan əlavə, yazılır ki, bioloji obyekt­lərdə üçüncü tərəfin hərbi nümayəndələ­ri olmamalıdır”.

Baş nazir Nikol Paşinyanın Rusiyaya 2022-ci ildə həyata keçirilən rəsmi səfəri zamanı isə bəndlərindən biri biotəhlükə­sizliklə bağlı olan birgə bəyanat qəbul edilmişdi. Həmin bənddə qeyd olunmuş­du ki, Ermənistan və Rusiya öz əraziləri­ni Moskva və İrəvanın maraqlarına zidd olan bioloji təhlükəsizlik sahəsində fəa­liyyətə görə üçüncü ölkələrə verməyə­cək. İki ölkənin rəhbər şəxsləri Moskva və İrəvan arasında bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində əldə edilmiş razılaşmaların, o cümlədən 2021-ci il 6 may tarixli memorandum əsasında həyata keçirilməsinin vacibliyini vurğu­lamışdılar. Ancaq indi görünən odur ki, rəsmi İrəvan Rusiya ilə anlaşmaya bax­mayaraq, ölkədə daha bir ABŞ biolabo­ratoriyasının yaradılmasına qərar verib.

Onu da bildirək ki, bu yaxınlarda Er­mənistan milli təhlükəsizlik xidmətinin ehtiyatda olan zabitlər ittifaqı respubli­kada fəaliyyət göstərən bioloji laboratori­yaların fəaliyyətini yoxlamağa çağırıblar. Bəyanatda o da vurğulanıb ki, son illər Ermənistanda qızılca, Afrika donuz ta­unu və qarayara kimi xəstəliklərə daha tez-tez rast gəlinir. Ehtiyatda olan xüsu­si xidmət orqanları əməkdaşları bunu da biolaboratoriyaların fəaliyyəti ilə əlaqələndiriblər.

İlyas HÜSEYNOV,
politoloq

– Ermənistanda biolaboratoriyala­rın mövcudluğu, eyni zamanda, sayı­nın həddən ziyadə olması hər zaman ekspertlərin müzakirəsinə səbəb olub. Xüsusilə, Rusiya tərəfi və rusiyalı eks­pertlər məsələni diqqətdə saxlayıblar. Çünki Rusiya və Ermənistan hələ də hərbi-siyasi müttəfiqdir. Eyni zaman­da, Ermənistan ərazisində 102-ci hər­bi baza yerləşir. Həmin baza Cənub Hərbi Dairəsinin müvafiq bölməsidir. Xüsusi vurğulanmalı məqam bundan ibarətdir ki, yeni açılacaq biolabora­toriya məhz Rusiya hərbi bazasının yerləşdiyi Gümrü şəhərində olacaq. Bunun özü də rusiyalı ekspertləri ciddi narahat edən məsələdir. Çünki həmin biolaboratoriyada məhz patogenlərlə bağlı araşdırmalar aparılacaq. Eyni zamanda, Hayastanda son dövrlər­də qızılca xəstəliyinin yayılması həm də biolaboratoriyalarla bağlı müəy­yən şübhələr formalaşdırır. İstisna olunmur ki, xəstəliyin yayılmasında biolaboratoriyaların rolu böyükdür. Ermənistanın bizim qonşuluğumuz­da yerləşməsi, region və dünya üçün qızılca təhdidinin yaranması fonun­da bu cür biolaboratoriyaların hansı məqsədə xidmət etdiyi aydın şəkildə region ölkələrinə təqdim olunmalıdır. Çünki biolaboratoriyaların sayı get­dikcə daha da artmaqdadır.

Səxavət HƏMİD
XQ



Siyasət