Baş Prokurorluqda geniş kollegiya iclası

post-img

Yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər pro­kurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Toplantıda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət müha­kimə və cinayət təqibindən kənar icraat­larda insan hüquq və azadlıqlarının mü­dafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub. 

Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev 2023-cü ilin Azərbaycan Respublikası üçün tarixi, si­yasi və ictimai əhəmiyyət kəsb edən ha­disələrlə zəngin bir il olduğunu bildirib. O, müstəqil Azərbaycan dövlətinin qu­rucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin ölkəmizdə böyük təntənə ilə qeyd edilməsini, sent­yabr ayında Qarabağda keçirilmiş lokal antiterror əməliyyatı ilə suverenliyimizin ölkə ərazisində tam bərqərar olmasını və son 20 ilin tərəqqi və yüksəliş yoluna qə­dirbilənliklə yekun vurulmasını ən önəmli tarixi hadisələr kimi vurğulayıb.

Natiq qeyd edib ki, cari ilin ən mühüm hadisələri isə 7 fevralda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seç­kilərinin keçirilməsi və 2024-cü ilin ölkə­mizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsidir. Bundan əlavə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasına Tərəf Dövlətlərin Bakı şəhərində keçiriləcək növbəti 29-cu Konfransının dövlətimizin nüfuzuna uyğun, təhlükəsiz və sabitlik şəraitində keçirilməsi üçün pro­kurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq çərçivəsin­də bütün səylərini səfərbər edəcəkdir. 

Baş prokuror Kamran Əliyev prokuror­luğun əsas fəaliyyət istiqamətləri üzrə gö­rülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıl­dığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı müba­rizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü söyləyib.

İclasda təəssüflə qeyd edilib ki, Er­mənistan tərəfinin apardığı mina terroru nəticəsində ötən il 19 nəfər həlak olub, 39 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2020-ci ilin noyabr ayından, ümumi­likdə, 342 şəxs bu terrorun hədəfi olub, onlardan 65 nəfəri həlak olub, 277 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bi­rinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın müəyyən edil­məsi istiqamətində Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və aidiyyəti digər qurumlarla birlikdə zəruri tədbirlər görülür. Lakin mina məsələsində olduğu kimi, bu məsələdə də Ermənistan tərəfi əməkdaşlıqdan yayınır və müvafiq məlu­matları təqdim etməkdən imtina edir. 

Bildirilib ki, 2023-cü ildə ölkə ərazisin­də 36 min 811 cinayət qeydə alınmaqla onların 87,8 faizinin açılması təmin ediib. Ümumilikdə, ölkə üzrə cəmi 21 min 104 cinayət işinin istintaqı tamamlanıb ki, bun­lardan 1350-i prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərə­findən 902, ümumilikdə, isə digər istintaq qurumları ilə birgə 16 min 146 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. İbtidai istintaqı tamamlanmış cinayət iş­ləri və bəraətverici əsaslara rədd edilmiş materiallar üzrə, ümumilikdə, 509 milyon 237 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək onun 41,4 faizinin, yəni 210 milyon 936 min manat hissəsinin ödənilməsinə nail olunub.

Prokurorluq orqanlarında ibtidai istin­taqı aparılaraq yekunlaşmış cinayət işlə­ri üzrə, ümumilikdə, 139 milyon 150 min manat məbləğində maddi ziyan vuruldu­ğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 54,8 faizinin, yəni 76 milyon 223 min manat hissəsinin ödənilməsinə nail olunub, habelə 50 milyondan manatdan artıq məbləğdə əmlak üzərinə həbs qo­yulub.

Hesabat dövründə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlə­rindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizənin ötən dövr­lərdə olduğu kimi, davam etdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrup­siya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələri aşkar edilməklə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi bildirilib. 

Bu müddət ərzində Baş İdarənin əmə­liyyat qurumları tərəfindən həyata keçi­rilən əməliyyat tədbirləri nəticəsində 56 şəxs cinayət başında yaxalanıb, əməliy­yat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 158 cinayət işi başlanıb. Hesabat dövründə Baş Pro­kurorluğun İstintaq idarəsi tərəfindən 97 şəxs barəsində 44 cinayət işinin ibtidai is­tintaqı aparılmaqla baxılması üçün məh­kəmələrə göndərilmiş, bunlardan 18 şəxs barəsində 7 iş qəsdən adam öldürmə faktları ilə bağlı olub. 

Kollegiya iclasında daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə bir­gə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 10 qəsdən adam öldürmə cinayətlərinin açılması tə­min edilməklə hesabat dövründə onlar­dan 4-ü üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.

Baş prokuror ötən illərdən bağlı qal­mış və hesabat ilində qeydə alınmış qey­ri-aşkar cinayətlərin açılmasında, ictimai sabitliyin və təhlükəsizliyin təmin edil­məsində, habelə dini radikalizmə qarşı mübarizə sahəsində daxili işlər, dövlət təhlükəsizliyi xidməti və digər qurumların fəaliyyətini xüsusi qeyd edərək, göstə­rilən səmərəli və peşəkar əməkdaşlığa görə təşəkkürünü bildirib. 

Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərə­liliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurum­larının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunub, zəruri tədbirlərin görülməsi tələb olunub. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov, Gəncə və Min­gəçevir şəhər, Füzuli və Zəngilan rayon prokurorları, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi isə mə­ruzələrlə çıxış edib, məruzələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda du­ran vəzifələrə dair tapşırıqlar verilib.

XQ



Son xəbərlər