Özbək qonaqlar Hüquq və İnsan Haqları İnstitutunda

post-img

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluza­də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Qanunvericilik Palatası sədrinin birinci müavini və Milli İnsan Hüquqları Mərkəzinin rəhbəri Akmal Sai­dovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb. 

M.Quluzadə qonaqları salamlayaraq onlara rəhbərlik etdiyi qurumun fəaliy­yəti barədə ətraflı məlumat verib. İdarə Heyətinin sədri institutun insan hüquqları sahəsində apardığı maarifləndirici təd­birlərdən danışarkən bildirib ki, qurumun mütəxəssisləri tərəfindən ötən il yerli icra hakimiyyətlərinin və DİN-in əməkdaşları­na, məhkəmə işçilərinə, həmçinin vəkil­lərə və hüquqşünaslara İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarlarla bağlı silsilə tə­limlər təşkil olunub. O, institutda “İnsan hüquqları virtual kitabxanası”nın fəaliyyət göstərdiyini, kitabxananın “oflayn” ver­siyasının qadın cəzaçəkmə müəssisə­sində də yaradıldığını və istifadəçilərə xidmət göstərən kitabxananın hüquq və­saitlərinə böyük tələbat olduğunu diqqətə çatdırıb. 

Səmimi görüşə görə təşəkkür edən Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini A.Saidov bildirib ki, ölkəsi adından beynəlxalq təş­kilatlara təqdim olunan insan hüquqlarına dair bütün hesabatlar Ali Qanunvericilik Palatası ilə məsləhətləşdirilir. Özbəkis­tanda da Hüquq və İnsan Haqları İnsti­tutu kimi fəaliyyət göstərən və cəmiyyətin maarifləndirilməsi üçün mühüm tədbirlər həyata keçirən analoji qurumun – Milli İn­san Hüquqları Mərkəzinin olduğunu qeyd edərək, gələcəkdə institutla bağlanacaq ikitərəfli əməkdaşlıq sazişinin hər iki tərəf üçün çox faydalı olacağını vurğulayıb. Eyni zamanda, azərbaycanlı həmkarla­rının insan hüquqları sahəsində həyata keçirdiyi bir neçə vacib təcrübənin Özbə­kistanda da icrasının əhəmiyyətli ola bilə­cəyini söyləyib. Akmal Saidov bu yaxın­larda Özbəkistanda “İnsan Hüquqları Evi”nin açılacağı barədə məlumat verib. 

Görüşün sonunda İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Özbəkistan nümayəndə heyətinə institutun fəaliyyə­tindən bəhs edən, o cümlədən institutun tədqiqatçı-alimlərinin əməyinin bəhrəsi olan hüquq, beynəlxalq hüquq sahələrinə aid və mədəni abidələrimizin tarixini əks etdirən dəyərli kitablar təqdim edib.

Görüşdə Özbəkistanın Azərbaycan­dakı Fövqəladə və Səlahiyyətli səfiri Baxrom Aşrafxanov da iştirak edib.

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər