Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası alman dilində

post-img

Əsərin Almaniya nəşri ölkəmizdə təqdim olunub

Dünən Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” seçilmiş nəşrlər seriyasında çap olunan “Füzuli sənətkarlığı” kitabının təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Kitabxa­nanın təşkilatçılığı ilə reallaşan mərasimdə ADA Universitetinin rektoru Hafiz Paşayev, kitabı alman dilinə çevirmiş Giesen Univer­sitetinin dosenti, şərqşünas-alim Mixael Ray­nhard Hess, mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Mir Cəlalın ədəbi-ictimai fəa­liyyəti, Azərbaycan ədəbiyyatına bəxş etdiyi ölməz əsərlər haqqında ətraflı məlumat veri­b.O bildirib ki, klassik poeziyamızın mahir bilicisi Mir Cəlal 1940-cı ildə “Füzulinin po­etik xüsusiyyətləri” mövzusunda müdafiə et­diyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyanı nəşr etdirib. Ədibin əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. 

AMEA prezidenti, akademik İsa Hə­bibbəyli Mir Cəlalın bir alim, bir nasir kimi yorulmaz fəaliyyətindən söhbət açıb. Şərq­şünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva təqdim edilən əsərin Fü­zuli irsinin dərindən öyrənilməsində önəmli mənbə olduğunu söyləyib. AMEA-nın Əl­yazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli XX əsr dünya Füzulişünas­lığında Mir Cəlal müəllimin öz kürsüsü, öz yeri olduğunu bildirib. 

AMEA-nın müxbir üzvü, BDU-nun pro­fessoru Təhsin Mütəllimov, Ədəbiyyat İnsti­tutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Xarici İşlər Nazirliyinin idarə rəisi Rizvan Nəbiyev qeyd ediblər ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” əsəri dahai şairin irsinin ölkəmizdə və xaric­də öyrənilməsi və tədqiqində mötəbərliyi və geniş istifadə ilə seçilir. 

ADA Universitetinin rektoru Hafiz Pa­şayevin atası haqqında xatirələri də maraqla qarşılanıb. O, eyni zamanda, yazıçıya verilən yüksək qiymətə görə təşkilatçılara və çıxışçı­lara təşəkkürünü bildirib. 

***

Görkəmli yazıçı-ədəbiyyatşünas və pe­daqoq Mir Cəlal Paşayevin alman dilində nəşr edilmiş “Füzuli sənətkarlığı” kitabı həmin gün unudulmaz ədibin uzun illər çalışdığı Bakı Dövlət Universitetində də el­mi-mədəni ictimaiyyətə təqdim edilib.

ADA Universitetinin rektoru Hafiz Pa­şayevin, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri mərasimdə əvvəlcə Mir Cə­lal Paşayevin ömür yolundan bəhs edən vi­deoçarx nümayiş olunub. Sonra BDU-nun rektoru Elçin Babayev Mir Cəlalın elmi araşdırmalarından, zəngin yaradıcılığından, ədəbiyyatımıza verdiyi əvəzsiz töhfələrdən danışıb. O bildirib ki, Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının inkişafında, xü­susən, BDU-da çoxsaylı ədəbiyyatçı və dil­çi kadrların hazırlanmasında Mir Cəlalın müstəsna xidmətləri olub. 

Xarici İşlər Nazirliyinin idarə rəisi Riz­van Nəbiyev Mir Cəlalın “Füzuli sənətkar­lığı” monoqrafiyasının Almaniyada nəşrinin milli ədəbiyyatımızın 2 böyük nümayən­dəsinin almandilli auditoriyada daha geniş tanıdılmasında önəmini vurğulayıb. Mixael Hess isə görkəmli alim və yazıçı Mir Cəla­lın ədəbi-elmi irsinə Almaniyada olan böyük maraqdan bəhs edib.

BDU-nun professorları Təhsin Mütəlli­mov və Jalə Əliyeva, filologiya fakültəsinin baş müəllimi Mətanət Əliyeva və dosenti Məti Osmanoğlu Mir Cəlal Paşayevin geniş elmi və pedaqoji fəaliyyətindən, ədəbi yara­dıcılığından danışıblar. Onlar təqdim olunan kitabın tariximiz, ədəbiyyatımız üçün dəyərli mənbə olduğunu bildiriblər.

 

Anar TURAN
“XQ”



Son xəbərlər