Prezident seçkilərinin səsvermə bülletenləri çap olunur

post-img

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.

Dünən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbəəyə gələrək çap prosesi­nin gedişi və yaradılmış şəraitlə tanış olub. Komis­siya üzvlərinin və media mənsublarının iştirakı ilə keçirilən tədbirdə MSK sədri seçicilərin səsvermə hüquqlarının azad, sərbəst şəkildə reallaşdırılma­sında mühüm əhəmiyyət daşıyan seçki bülletenləri­nin hazırlanmasında və çapında Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

O, seçki bülletenlərinin qanunvericiliklə müəy­yənləşdirilmiş vaxtda və qaydada çap edilməsi, aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı tövsiyələrini də verib. Həmçinin vurğulayıb ki, seçki bülletenlərinin çap prosesi təhlükəsizliyin təmin edil­məsi şərti ilə, seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və media nümayəndələri üçün tamamilə açıq həyata keçirilir.

Seçki bülletenlərinin çap prosesi ilə tanışlıqdan sonra MSK sədrinin jurnalistlər üçün brifinqi keçiri­lib. Məzahir Pənahov mediaya açıqlamasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunduğunu, prezident seçkiləri ilə əlaqədar 6 milyon 524 min 203 seçki bül­leteninin çap edilməsinin nəzərdə tutulduğunu bildi­rib. Qeyd edib ki, seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müd­dətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissi­yalarına veriləcək.

Brifinqdə MSK sədri prezident seçkilərinin yük­sək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində son hazırlıq işləri barədə də ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıb.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər