Gəncliyə Yardım Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mövlanə Cəlaləddin Ruminin vəfatının 750-ci il dönümünə həsr olunmuş “Tariximizdən günümüzə irfan mədəniyyətimiz və könül ərləri” adlı tədbir keçirildi.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, QHT sədrləri, Türkiyə səfirliyinin müşavirləri və mətbuat nümayəndələri iştirak etdilər.
Torpaqlarımızın azadlığı uğrudan canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni və Türkiyəninj İstiqlal Marşı səsləndirildi. Bununla açıq elan edilən tədbirdə “İrfan mədəniyyətimizin könül Ərləri” adlı videoçarx izlənildi.
Gəncliyə Yardım Fondunun prezindeti Ahmet Tecim çıxış edərək irfan mədəniyyətimizin zəngin olduğunu və coğrafiyamızda tarixdən bugünədək könül ərlərinin insanın qəlbinə toxunaraq cəmiyyətin mənəvi duyğular üzərində qurulmasında böyük rol oynadığını qeyd etdi.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı irfan mədəniyyətimizlə bağlı keçirilən tədbirin gənc nəslə ötürülməsi baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirdi və təşkilatçılara təşəkkür etdi.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tarixə nəzər yetirəndə elm-irfan sahiblərinin bütün aspektlərdə həmişə cəmiyyətə fayda veriblər, onlar insanlarda sevgi, şəfqət, barış, mərhəbət duyğularını aşılamağa çalışıblar, - deyə çıxış etdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanlar İdarəsinin sərd müavini Qəmər Cavadlı çıxışlarında Azərbaycanda istər dövlət səviyyəsində, istərsə də vətəndaşlar tərəfindən mənəvi dəyərlərə diqqət və hörmətin hər zaman olduğunu qeyd etdilər, həmçinin tədbirlərin keçirilməsi və irfan mədəniyyətimizin xatırladılmasının vacib olduğunu vurğuladılar.
Təşkilat komitəsi adından çıxış edən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar iştirak etikləri üçün qonaqlara təşəkkürünü billdirdi və dəyərli mövzu ətrafında keçən bir neçə saatın insanlara zövq verəcəyini ifadə etdi.
Daha sonra Türkiyə Sabahattin Zaim Universiteti İlahiyyat fakültəsinin dekanı Hasan Kamil Yılmaz mövzu ilə bağlı çıxış etdi.
Tədbirin sonunda millət vəkili Ceyhun Məmmədov və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı təşkilat komitəsi ilə birlikdə qonağa hədiyyələr təqdim etdilər.
Rizvan FİKRƏTOĞLU
XQ