“Zəfər seçkiləri”
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, prezident seçkilərini qeyri-rəsmi olaraq “Zəfər seçkiləri” adlandırırıq. Çünki bu, azad olunmuş ərazilərdə və bütün Azərbaycanda keçirilən ilk seçkidir. Azad olunan ərazilərdə yaradılan 26 seçki məntəqəsinin 20 mindən çox seçicisi var.
M.Pənahov qeyd edib ki, səsvermədə öz doğma yurduna qayıdanlarla birlikdə, azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərində çalışan insanlar da seçki hüququ olan şəxslərdir. Onlar da səsvermədə iştirak edəcəklər. M.Pənahov media qurumlarının və subyektlərinin də işğaldan azad edilmiş ərazilərdə seçki prosesində fəal iştirak etmələrinin zəruriliyini bildirib. Prezident seçkilərini Azərbaycanda son illərdə formalaşmış yüksək əhvali-ruhiyyəyə uyğun başa vurmalıyıq. Azərbaycanın ərazi bütövlüyü artıq təmin olunub. İlk dəfə olaraq, Azərbaycanın bütün bölgələrində, beynəlxalq miqyasda tanınan ərazilərində seçki keçiriləcək.
Ombudsman Aparatı monitorinqlər keçirəcək
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı növbədənkənar prezident seçkiləri ilə bağlı monitorinqlərin keçiriləcəyini bildirib. Monitorinqlər ilkin olaraq seçicilərlə görüşlər üçün ayrılmış açıq və qapalı yerlərdə aparılacaq.
Seçki hüququnun pozulması ilə bağlı Ombudsmana indidən müraciətlər daxil olur. Bu müraciətlər operativ olaraq Mərkəzi Seçki Komissiyası ilə birlikdə araşdırılır.
6 min 319 seçki məntəqəsi yaradılıb
Seçki dairələrinin yenidən təşkili və azad edilmiş ərazilərdə yeni seçki məntəqələrinin təşkilindən sonra ölkə üzrə seçki məntəqələrinin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov məlumat verib. O deyib ki, 125 seçki dairəsi üzrə 6319 seçki məntəqəsi var. Bu seçki məntəqələrinin 26-sı işğaldan azad olunmuş ərazilərdə yerləşir.
Müşahidəçilərin sayı 50 minə çatacaq
“Seçki kimi mürəkkəb prosesdə qanunvericiliyin tələblərinin pozulmamasına çalışırıq. Müxtəlif qurumlarla həyata keçirdiyimiz maarifləndirmə tədbirlərinin də məqsədi budur və bu format ilkdir”.
Bu fikri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsləndirib. O deyib ki, Azərbaycanda keçirilən seçkiləri daxili aktorlarla yanaşı, xarici təşkilatlar da izləyirlər. Qeydə alınmış 7 namizədin 5-i siyasi partiya təmsilçiləridir. Hazırda müşahidəçilərin sayı 20 minə çatıb. Hesab edirəm ki, seçkiyə qədər bu rəqəm 50 minə yaxınlaşacaq. Artıq beynəlxalq qurumlar da Azərbaycanın seçki prosesi ilə bağlı böyük yol qət etdiyini bildirirlər.
Həssas qrupun seçkidə iştirakı təmin ediləcək
Ombudsman Səbinə Əliyeva deyib ki, həssas qrupdan olan vətəndaşlarımızın seçki prosesində iştirakının təmin edilməsi istiqamətində işlər aparılır.
Hamı bir vətəndaş olaraq seçkilərdə fəal iştirak etməli, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayacaq bu prosesə yaxından qoşulmalıdır. Fiziki qüsurlu, əlil, görmə və eşitmə qabiliyyəti məhdud olan vətəndaşların seçki prosesində iştirakını təmin etmək məqsədilə lazımi işlər görülür.
Əliqismət BƏDƏLOV
XQ