Növbədənkənar Prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir. Bu barədə XİN-in Mətbuat Xidməti İdarəsindən məlumat verilib.
Bildirilib ki, diplomatik nümayəndəlik və konsulluqlarımız tərəfindən ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlarımızdan ibarət seçici siyahıları hazırlanaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunub.
Qeyd edilib ki, Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək.
MSK-ya təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-dan – 19:00-dək seçki məntəqələri yaradılmış diplomatik missiyalarında keçiriləcək növbədənkənar Prezident seçkiləri ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində başlayaraq, ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğunda tamamlanacaq.
XQ