Qafqaz Müsəlmanları İdarəsindən XQ-yə verilən məlumatda bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ABŞ dövlət departamentinə müraciət ünvanlayıblar. Sənəddə deyilir:
“Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Məşvərət Şurasının üzvləri ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin ölkəmizi 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salmaq barədə qərarını qətiyyətlə pisləyir, bunu birmənalı şəkildə subyektiv və qərəzli yanaşma hesab edirik. Revanşist erməni dairələrinin haqsız, yalan və iftira dolu iddialarından qaynaqlanan belə qərəzli hesabatlarla qarşılaşmağımızı ədalətsizlik kimi dəyərləndiririk”.
Müraciətdə daha sonra təəssüflə qeyd edilir ki, Azərbaycana qarşı ABŞ Konqresinin qərarı ilə 907-ci maddənin yenidən tətbiqinin ardınca dini etiqad sahəsinə dair qərəzli hesabat və siyahı gündəmə gəlmişdir: “2022-ci ilin analoji hesabatında Azərbaycana dair müsbət tendensiyalar etiraf edildiyi halda, 2023-cü ildə ölkəmizin hansısa şübhəli izləmə siyahısına salınması nədən vacib sayıldı? Biz birmənalı şəkildə bəyan edirik ki, Azərbaycanın dini-mənəvi həyatında, dövlət–din münasibətləri müstəvisində heç bir problem mövcud deyil”.
Sənəddə o da xatırladılır ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası 2022-ci il hesabatında Ermənistan tərəfindən vaxtilə işğal altında olmuş ərazilərdə 403 tarixi və dini abidənin olmasını və 67 məsciddən 63-nün tamamilə dağıdılması, dördünün isə qismən dağıdılmasını və yararsız hala düşdüyünü təsdiq etmişdir. Təəccüblüdür ki, bu vandalizm hallarını törətmiş və 30 il ərzində əzəli Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistana qarşı Dövlət Departamenti tərəfindən hər hansı qınaq ifadə olunmamış, onu öz “qara siyahısı”na daxil etməmişdir.
Müraciət Dini konfessiya rəhbərlərinin qeyd edilən etirazı belə yekunlaşır: “ABŞ Dövlət Departamentinin Azərbaycanı 2024-cü ildə dini etiqad azadlığı pozulmuş ölkələr qismində xüsusi izləmə siyahısına salmaq barədə qərarını birmənalı şəkildə rədd edirik”.
XQ