Narkotiklərlə əlaqəli 26 nəfər saxlanılıb

post-img

Yanvarın 7-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 43 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı  xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən 19 kiloqrama yaxın narkotik vasitələrin respublika ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında şöbə əməkdaşlarının keçirdikləri tədbir zamanı Tərtər rayon sakinləri, əvvəllər məhkum olunmuş Yusif Misirzadə və Elvin Kərimli saxlanılıb. Şəxsi axtarış zamanı Yusif Misirzadədən 2 kiloqram 255 qram heroin və marixuana, eləcə də onların narkotik vasitələri götürdükləri ərazidən 16 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin sosial şəbəkədə tanış olduqları  xarici ölkədə yaşayan narkotacir tərəfindən pul və narkotik vasitə qarşılığında narkokuryerliyə cəlb edildikləri  məlum olub. Onlar ifadələrində 1000 manat pul qarşılığında həmin narkotiki Yevlax rayonuna aparmağa razılaşdıqlarını bildiriblər. 

Keçirilən digər əməliyyat zamanı isə rayon ərazisində narkotiklərin dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. 

Qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən tədbirlər zamanı isə 2 ədəd “Kalaşnikov” markalı avtomat və 2 ov tüfəngi polis əməkdaşları tərəfindən götürülüb. 

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

XQ





Son xəbərlər