Səlahiyyətli nümayəndə Fuad Nəcəfli jurnalistlərə açıqlamasında qeyd edib ki, bu gün muxtar respublikada ən aktual sahələrdən biri tikintidir. Bu günə qədər mövcud olan tikintilərin keyifiyyəti qaneedici olmadığına görə müvəqqəti olaraq bu sahədə işlər dayandırılıb.
2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramını təsdiq edib. Bu proqram çərçivəsində 2023-cü ilin son 4 ayı ərzində icra olunması nəzərdə tutulan layihələrin hamısı tenderlər vasitəsilə həyata keçirilməyə başlayıb. Layihələrin tətbiqi, əsaslandırılması, layihələndirilməsi, işçi layihələrin hazırlanması üzərinə iş gedir. Artıq 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işlərinə geniş vüsət veriləcək və olduqca böyük infrastruktur layihələri icra olunacaq.
2023-cü ili uğurlu il kimi dəyərləndirən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası 2023-cü ildə 40-dan çox tədbirə evsahibliyi etdi. Bu il Naxçıvan həm də çox maraqlı, olduqca əhəmiyyətli bir görüşə evsahibliyi edib. Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti ilə Türkiyə Cümhuriyyəti Prezidentinin görüşü keçirildi, eləcə də ayrı-ayrı nazirlərin iştirakı ilə hökumətlərarası görüşlər oldu. Bu da hər iki dövlətin gələcək perspektivlərini müəyyənləşdirmək naminə növbəti bir mərhələnin başlanğıcı kimi çox əhəmiyyətli idi.
Muxtar respublikada “yaşıl enerji” layihələri ilə bağlı görülən işlərə toxunan Fuad Nəcəfli bildirib: “Cənab Prezident Naxçıvan Muxtar Respublikasında səfərdə olarkən belə bir fikir səsləndirmişdi: “Naxçıvanın qazı, nefti olmasa da, günəşi var”. Buna uyğun olaraq da Naxçıvanın “yaşıl enerji” sahəsində aparıcı qüvvə olması hədəflənir. Naxçıvanda günəşli günlərin sayı olduqca yüksəkdir, ərazilərimizdə külək resursları var. Ümumilikdə, "yaşıl enerji"yə keçidlə bağlı layihələr artıq işlənilib”.
XQ