Dünən Naxçıvan şəhərində Yeni ilin gəlişi münasibətilə “Qış festivalı” açılıb.
Muxtar Respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunmuş “Qış festivalı”nın açılışında iştirak ediblər.
Məlumat verilib ki, Yeni il şənliklərinin mərkəzi tədbiri olan festival 2024-cü il yanvarın 7-dək davam edəcək. Yeni il şəhərciyi ötən illərdən fərqli olaraq yeni dizaynda və rəngarəng dekorlarla bəzədilib, burada şəhərin ən böyük yolkası quraşdırılıb. Böyük pavilyonda ölkənin əsas ulduzsənətçilərinin, növbəti günlərdə isə digər ifaçıların təqdimatında maraqlı konsert proqramı təqdim olunacaq.
Prospektin ümumi ab-havasına uyğun quraşdırılan 30-a yaxın köşkdə muxtar respublika sakinlərinə və qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcək.
Səlahiyyətli nümayəndə təqdim olunan məhsullarla tanış olub. Məlumat verilib ki, muxtar respublikada fəaliyyət göstərən istehsal və iaşə obyektlərində, eləcə də bölgələrdə fəaliyyət göstərən ailə təsərrüfatları tərəfindən hazırlanan müxtəlif mətbəx nümunələri, şirniyyat və qənnadı məmulatları, fast-fudlar, meyvə şirələri, dəniz məhsuları, çərəzlər, eləcə də müxtəlif əl işləri festival boyunca təqdim olunacaq.
“Heydər Əliyev – 100”, “Naxçıvan Muxtar Respublikası – 100” və Zəfər tariximizi əks etdirən foto və nəşrlərdən ibarət stendlər Naxçıvan Dövlət Universitetinin kollektivi və Gənclər Fondunun könüllüləri tərəfindən bütün festival boyu nümayiş etdiriləcək. Ali təhsil ocağının memarlıq fakültəsi tələbələrinin təqdim etdiyi layihələrə də baxış olub. Sonra 850 universitet tələbəsinin iştirakı ilə 625 mozaika fotodan ibarət Ulu öndərin portretini canlandıran flaşmob təqdim edilib.