Dövlət İdarəçilik Akademiyasının tələbələri Milli Məclisdə olublar

post-img

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Dövlət İdarəçilik Akademiyasının bir qrup tələbəsi dekabrın 20-də Milli Məclisdə olub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri əvvəlcə müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət ediblər. Onlar Ulu Öndərin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.

Parlamentin plenar iclas zalı ilə tanışlıq zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov tələbələrə plenar iclas zalında yaradılmış iş şəraiti, Milli Məclisin fəaliyyəti, qanunvericilik prosesinin həyata keçirilməsi prosedurları haqqında məlumat verib.

Z.Əsgərov tələbələrə Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövr haqqında danışıb. Diqqətə çatdırılıb ki, həmin dövrdə Azərbaycanın müasir parlamentarizm ənənələrinin formalaşması, dövlətçiliyin, ordu quruculuğunun möhkəmləndirilməsi, xarici siyasət konsepsiyasının hazırlanması kimi istiqamətlərdə mühüm addımlar atılıb.

Sonra tələbələr Milli Məclisin foyesində yaradılmış və Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar. Parlamentlə tanışlıq zamanı ziyarətçilərə bildirilib ki, VI çağırış Milli Məclis formalaşdıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında sərəncam imzalayıb. Qonaqlara iclas salonları barədə məlumat verilib.

Ekskursiyanın yekununda Dövlət İdarəçilik Akademiyasının sosial məsələlər, təşkilati işlər və təlim-tərbiyə üzrə müşaviri Zaur Məmmədov Milli Məclislə tanışlıq üçün yaradılan imkana və şəraitə görə təşəkkürünü bildirib.

Sonda tələbələr Milli Məclisin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə qarşısında xatirə şəkli çəkdiriblər.













Son xəbərlər