Növbədənkənar prezident seçkiləri yeni reallığa keçidi təmin edən demokratik imkandır

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi. Parlamentin Sədri əvvəlcə dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasından  danışaraq dedi ki,  ölkəmizin ictimai-siyasi həyatı üçün son dərəcə böyük əhəmiyyətə malik qərar qəbul edildi. YAP-ın Sədri İlham Heydər oğlu Əliyev gələn il fevralın 7-nə təyin edilmiş prezident seçkilərində partiyadan namizəd göstərilib. Bu qərarın Azərbaycan xalqının arzu və istəyini ifadə etdiyni diqqətə çatdıran S.Qafarova dedi ki, dünya miqyaslı siyasi və dövlət xadimi olan Prezidentimiz İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirən fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb. 

Qeyd edildi ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam etdirilmiş və daha da zənginləşdirilmişdir. Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına qoşulmuş, bölgədə söz sahibinə çevrilmişdir. Prezident İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk etmişdir. Onun siyasi-diplomatik və hərbi-strateji  məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnmişdir. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarmışdır. 

Azərbaycanın müasir tarixinin son iyirmi ilinin cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşməsi, sürətli sosial-iqtisadi inkişafı, möhkəm ictimai-siyasi sabitlik və tərəqqisi, milli qüruru, həmrəylik və birliyi, gələcəyə sonsuz inam anlayışları ilə bağlı olduğunu vurğulayan S.Qafarova əminliklə dedi ki, Prezident İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti ölkəmizin müstəqil inkişaf yolu ilə bundan sonra da inamla irəliləməsini təmin edəcək. 

Cari məsələlərin müzakirəsi zamanı  deputatlar YAP-ın qərarının onların ürəyincə olduğunu bildirdilər. Qeyd olundu ki, növbədənkənar prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır. 

Sonra parlamentin Sədri iclasın gündəliyinə 27 məsələnin daxil edildiyini bildirdi.

Gündəlikdəki birinci məsələni – “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim etdi. O, ölkədə gender bərabərliyi haqqında məlumat verdi və bu istiqamətdə görülən işlərdən danışdı.  B.Muradova, həmçinin erkən nikahlardan söhbət açdı. Dedi ki, erkən nikahların dinamikasında nisbi artım var. 269 erkən evliliyin qarşısı alınıb. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı təhlil hazırlanıb. Bunun nəticəsi də onu deməyə əsas verir ki, 18 yaşdan aşağı ailə qurmağa icazə ilə bağlı istisna halı aradan qaldırmağa dəstək verməliyik. 

Hesabata əsasən, Azərbaycanda 2022-ci ildə Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9 min 864 müraciət daxil olub. Qeydə alınmış cinayətlərin ümumi sayı 1175, xəsarət alan qadınların sayı 1132 nəfər olub. 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 2021-ci illə müqayisədə artıb.  B.Muradovanın sözlərinə görə, məişət zorakılığı cinayətləri çox vaxt aşkar edilməmiş qalır və hüquq-mühafizə orqanlarına məlum olmur. Bunun fəsadları isə çox ağır olur. Respublikada məişət zorakılığı ilə mübarizəyə dair milli fəaliyyət planı təsdiqlənib. Bunların da icrasından irəli gələn məsələlərdən biri qanun layihəsinin təkmilləşdirilməsidir. Gələn ilin dövlət büdcəsində ailə, qadın və uşaq hüquqlarının qorunmasına ayrılan büdcə 2 faiz artıb. 

Müzakirələrdən sonra illik hesabat yekdilliklə qəbul edildi.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarıldı.  Sənədin təsdiqindən sonra  “Prokurorluq haqqında” Qanuna dəyişiklik layihəsi  birinci oxunuşda təqdim edildi. Dəyişikliyə əsasən,  prokurorluq işçiləri ilə yanaşı prokurorluq orqanlarının digər əməkdaşlarının da sosial müdafiəsi gücləndiriləcək, maddi-texniki bazası möhkəmləndiriləcək. 

Gündəlikdəki digər qanun layihələri də müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi. 

Əliqismət BƏDƏLOV 
XQ

 

Son xəbərlər