Xocavənd rayonunun Yemişcan kəndi ərazisindəki məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat yayıb.
ANAMA əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb. Qumbara döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib. Qapını açdıqda və ya bağladıqda kəndirin dartılması nəticəsində tələ qurğu işə düşə bilər. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfələrlə tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinib. Ərazini tərk edən ermənilər dinc əhaliyə zərər yetirmək məqsədilə təhsil ocağında da bu növ qurğular yerləşdirib.
Agentliyin əməkdaşları aşkarlanan tələ qurğusunu zərərsizləşdirərək ərazinin təhlükəsizliyini təmin ediblər.
ANAMA bir daha vətəndaşlara çağırış edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmasınlar, tanımadıqları əşyalara toxunmasınlar.